AHİK-də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

15:14 31-03-2023 | icon 922
AHİK-də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 Mart -
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri
və məsul əməkdaşları iştirak ediblər.
Öncə azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının, həmçinin
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək erməni
millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətindən
danışıb.
Bildirib ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı
dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımıları öz
amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə
bəşər tarixində ən qanlı faciələrdən biridir.
Onun sözlərinə görə, həmin vaxt on minlərcə dinc sakin məhz etnik və dini
mənsubiyyətinə görə məhv edilib: “Həmçinin yaşayış məntəqələri dağıdılıb,
mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri yerlə yeksan edilib. Kütləvi
qətllər və talanlar Bakı ilə yanaşı, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda,
Göyçədə və digər bölgələrdə də törədilib”.
AHİK sədri vurğulayıb ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün
soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci ildə Ulu Öndər Heydər
Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb: “Eləcə də
həmin Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Eyni
zamanda dövlətimizin başçısı cənab İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncamla Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradıldı.

Bütün bunlar erməni şovinizmi və terrorizminin ifşa olunması və dünyaya çatdırılması,
xalqımızın gələcək nəsillərinin milli yaddaşının qorunması, soyqırımı
qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətli
addımlardır”.
Milli Məclisin deputatı deyib ki, Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan
44 günlük Vətən müharibəsində ermənilərin xalqımıza qarşı törətdikləri bütün
cinayətlərin cavabı layiqincə verildi.
Sonra çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov, Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə,
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Cavid
Məmmədov və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin nümayəndəsi Mahir Aşurov ermənilərin Azərbaycan ərazisinə
köçürülməsinin tarixindən və məqsədlərindən, bu siyasətin acı nəticələrindən,
1918-ci il mart soyqırımından, həmçinin 44 günlük Vətən müharibəsindən,
Azərbaycan Ordusunun qüdrətindən, Ali Baş Komandan cənab İlham Əliyevin
sərkərdəlik məharətindən danışıblar.
Tədbirin yekununda AHİK sədri Səttar Möhbalıyev şəhid ailələrinə və
qazilərə, müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstərməyin
vacibliyini üzv təşkilatların nəzərinə çatdırıb, əməyin mühafizəsi, sağlam və
təhlükəsiz iş şəraitinin yaradılması, həmkarlar ittifaqlarına ünvanlanan bütün
müraciətlərin dərindən araşdırılması, qaldırılan bütün problemlərin qanunvericiliyə
uyğun olaraq, vaxtında həll edilməsi ilə bağlı bir sıra tapşırıq və tövsiyələrini verib.


Digər xəbərlər

1.0464088916779