Burdan vətən gözəl görünür

21:53 11-04-2023 | icon 1479
Burdan vətən gözəl görünür

Murovdağın zirvəsindən başlayan əbədiyaşarlıq şəhadətnaməsi...

Ana, mən şəhid oldum, yerim gözəldir! 

Onda özünədərk erkən yaşlarından başlamışdı. Bu da Tanrının bir yazısı, bir şərafəti idi. Onun həyat yolu sınaqlarla başladı, sınaqlarla davam elədi, sınaqlardan keçərək də bitdi. Qısa ömrünün ləyaqət və şərafət yolu. Vətənin seçilmişi, qəlbində Həzrəti Əli ruhunun eşqini daşıyan Xüsusi Təyinatlı Qüvvələrinin şəhid kapitanı, “Qarabağ” ordenli qəhrəmanımız Həmidağa Bağı oğlu Hüseynzadə...

Atası Bağı kişinin başını ucadan-ucaya qaldıran, səcdəgahı, qibləgahı üçrəngli Azərbaycan bayrağı olan “O mənim oğlumdur” deyəcək qədər ataya qürrə-fəxarət hissi gətirən, “vətən sizin kimi qəhrəmanların sevgisi ilə vətəndir” dedizdirən bu əvəzolunmaz fəxarət hissini milyonlara siraət etdirən bir ucalıq. İlk olaraq vətən, sonra isə ata başını ucladan oğlunun hekayəsini yazırıq. Ömür yolu qısa, keçdiyi mücadilə yolu isə uzun hekayə olan, heç kəsi yormayan, oxuduqca oxunan, bitməz-tükənməz, əfsanələşən, əsatirə çevrilən, tarixdən-tarixə keçərək gerçəkləşən, ömür-qəhrəmanlıq, şərəf-ləyaqət hekayəsi. 

Ümidlə həsrətin döyüşü...

13 avqust 1990-cı il Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə Bakı şəhəri A.Şaiq adında 54 saylı tam orta məktəbdə təhsil almışdır. 

Bakıda bir oğlan böyüyürdü. Sadə bir ailənin sadə, təm-təraqdan uzaq, qəlbində sonsuz arzuları, məqsədləri, məramları olan, ailənin bütün əxlaqi dəyərlərini öz üzərində, xarakterində, şəxsiyyətində ehtiva edən Azərbaycanlı gənc...

Vaxt gələcəkdir bu gəncin keçdiyi şərəfli həyat yolu, yazdığı qəhrəmanlıq dastanı milyonların dilində tarixə çevriləcəkdir. Bu sadə şəhərli oğlan Hüseynzadə Həmidağa Bağı oğludu. Əxlaq və fəzilətdən mərhumsansa nə qədər yüksəkliyə qalxsan da kim olduğun heç cür nəzərə çarpmır. Sadəcə mövcudluğun görünür gözlərə. Bundan betər yaşam yoxdur bu dünyada. Vətən şəhidi, mücahidi, torpağının qeyrətli, mətanətli, mərd, igid oğlu Həmidağa Hüseynzadənin yaş sayıca qısa, qərinələrə, əsrlər yaşayacaq qədər uzun, nümunəvi ömrü. Vətəninin iyirmi faizindən artığı düşmən işğalı altında idi. Həmidağa varlığını hara yerləşdirməyi bilmirdi. Qarabağ onun canı, damarında axan qanı idi. O, da digər soydaşları kimi Kəlbəcəri, Zəngilanı, Qubadlını... Şuşanı görmədən sevmişdi. Oradan alınan xəbərlər onun fikrini oralara-düşmən altında inləyən torpaqlara yönəltmişdir. Həmidağa da vətən üçün can əsirgəməyən mərd igidlərdən, vətən sevdalı oğullardan biri kimi bu cür hərəkətsizliyi özünə bağışlaya bilmirdi. Onun döyüşçü xəyalı, xəyal olaraq qalmadı. Sən demə Allah Həmidağanın daha böyük, daha müqəddəs amal üçün yaradıbmış! Onda da bu yolu tutub gedən soydaşları kimi özünüdərk, böyük amal üçün ölmək idealları çox erkən yaşlardan başlamışdı. Bu isə Tanrının yazısı idi, pozuya ehtiyacı olmayan. Heydər Əliyev adına Ali Məktəbdən başlayaraq Murovdağda bitən, tarixə qızıl hərflərlə yazılan şücaət dastanı. Qəhrəmanlıq nədir? Qəhrəmanlıq kişiliyin sinonimidir. Xalqın etibarını qazanan, etibarlı olmaq hər kəsin işi deyil. Onda hamı qəhrəman olardı. Dağ boyda vətən yükünü çiyinlərində daşımaq elə Həmidağa kimi igid oğulların taleyinin silinməz yazısına çevrilməli, vicdan damarı mayadan özündə olan KİŞİLƏRİN boyuna biçilməli idi. Bütün əxlaq dəyərlərini özündə ehtiva edən şəxsiyyət nümunəsi qəhrəmanlardan biri, öz qəhrəmanlıq dastanını qanı ilə yazan Həmidağa Hüseynzadə. 

Zəruri giriş...

Biri var idi, biri yox idi... “Ağ atlı oğlan” var idi... İgidliyi, şücaəti dillərə dastan, Ağ atlı oğlanın nağılını danışırıq. Bu nağılın real qəhrəmanı, 2008-ci ildən 2020-ci ilə qədər keçilən igidlik yolunun qəhrəmanı Hüseynzadə Həmidağa Bağı oğlu.

2008-2012-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almış və fərqlənmə ilə bitirmişdir. 

2012-2013-cü illərdə AR SQ-nin TTM-nin motoatıcı tağım komandiri kursunu bitirmişdir.

2013-cü ildən başlayaraq Ağcabədi,  Ağdam rayonlarında xidmət etmişdir. 

2013-cü ildə AR SQ-nin 95 illiyi yubiley medalı ilə təltif olunmuşdur.

2014-cü ildən AR SQ-nin XTQ-də qulluq etməyə başlamışdır.

2015-ci ildə Türkiyə Cümhuriyyətində “Komando” təməl kursunda sertifikatla təltif olunmuşdur.

2016-cı  ildə Aprel Döyüşlərində iştirak edib və göstərdiyi igidliyə görə AR Prezidenti İlham Əliyev cənabları tərəfindən medalla təltif olunmuşdur.

2016-2017-ci illərdə Gürcüstan respublikasında hərbi təlim kursları keçib sertifikatla təltif olunmuşdur.

İşlədiyi müddətdə ərzində yüksək komandanlıq tərəfindən bir çox fəxri fərman və diplomlarla təltif olunmuşdur.

2018-ci il Azərbaycan Ordusunun 100 illiyi medalı, 2019-cu ildə AR MN tərəfindən “Qüsursuz xidmətə görə”, 3-cü dərəcəli medalla ilə təltif olunmuşdur. 

Nəhayət 2020-ci il 27 sentyabr ayında başlanan Qarabağ Vətən müharibəsində Murovdağ silsiləsi “Canavar qulağı” deyilən postları alınması zamanı qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra “Qarabağ ordeni”, “Kəlbəcər uğrunda medalı”, “Vətən uğrunda medalı”, “İgidliyə görə medalı” ilə təltif olunub.

Yaşın sanbalı olurmu? Bu sualı hərə bir cür cavablandırır. Yaşın çoxluğu, saçın ağlığı yaş sanbalından xəbər vermir. Yaşın sanballığı onun azlığı-çoxluğu ilə deyil, ağırlığı, əyarı ilə ölçülür. Otuz yaşında özünün dünyadərki böyük əməli ilə çoxuna örnək olan, “Vətəni bu cür sevərlər” deyən qəhrəman mərd, vətənsevər. Ər meydanı Həmidağa kimi mərd oğullar üçündür. “Ya Allah, ya qələbə” deyərək döyüşlərə atılan Həmidağa Qarabağ uğrunda, vətən yolunda aslana dönürdü: 

Mən bir türkəm, dinim, cinsim uludur, 

Sinəm, sözüm atəşlə doludur...

Babaların igid ruhu dirilmişdi. Ulu ruhlar təntənəsi sevinci bürümüşdü döyüş meydanlarını. Bu ruhları ancaq onlar Həmidağa kimi mərd oğullar görə, duya bilirdi. O, ulu ruhlar həvəsləndirirdi ər oğullarımızı qəhrəmanlığa, şücaətə. Onlar səsləyirdi, onlar gözləyirdi bu igid qartalların yolunu... 

Tarixin körpüsü keşməkeşli. Bu körpünü keçənlərdi tarixi yazanlar...

Heydər Əliyev adına Ali Hərbi Məktəbdən, şərəf andından başlayaraq bu anda sədaqət nümunəsi olan və Murovdağ yüksəkliyində bitən əbədiyaşarlıq şəhadətnaməsi. Bu onun – vətən sevdalı qəhrəmanımızın halal haqqıdı. Qanı ilə canı bahasına qazandığı halal-hümmət haqqı... 

Qasımlı... və Həmidağa Hüseynzadə. Adlar çox, saymaqla bitməz qəhrəmanlıqlar. Müxtəlif taleli eyni bitən həyat hekayələri. Əbədiyaşarlıq üçün hesablanmış sonsuzluq. Bu onların Yolu idi. Gedəcəkləri ucalığın başlanğıc nöqtəsi. “Yenidən doğulsam, yenə səninləyəm, səninəm vətən”. Bu onların – Həmidağanın vətən sevdalı qəhrəmanların şərəf andı idi. Bir dövlətin qüdrəti onun ərazisinin böyüklüyü ilə deyil, xalqının, millətinin mərd oğullarının mübarizə, mücadilə ruhu, əzmi ilə ölçülür. Ən böyük sevgi, vətən və yurd sevgisidi. Bu sevgi isə fövqəladə vəziyyətlərdə, ölüm-dirim savaşlarında daha qabarıq aşkara çıxır. Eynən onun, Həmidağanın mübariz həyat hekayəsində olduğu kimi. 

P.S. Birinci Qarabağ döyüşlərindən başlayan şücaət yürüşü ikinci Qarabağ mücadiləsi onun davamı oldu. Təxminən otuz il bundan əvvəl yazılan qəhrəmanlıq tarixinin davamını bu gün Poladlar, İlqarlar, Elmanlar, Xudayarlar... Həmidağalar davam etdirdi. Qəhərmanlıq salnaməsi belə yaranır, şərəfli tarix belə yazılır. Biz Həmidağa Hüsenyzadə kimi vətən oğullarının igidliyinə, şücaətinə, cəsarətinə görə sevdik səni, ANA VƏTƏN! O ucalıqdan isə vətən çox gözəl görünür. Həmidağa ucalığından, Həmidağa yüksəkliyindən. 

Başlarının daşını Qeyrət ağacı tək dikəldən oğullardan biri, Həmidağa Hüseynzadə, ruhun qarşısında baş əyirik. 

 

Hürü Hacızadə                        Fərid Faiqoğlu

Yazıçı-publisist                        AJB-nin üzvü və dostu


Digər xəbərlər

0.29669904708862