Dost, qardaş münasibətləri belə olar

13:17 13-04-2023 | icon 648
Dost, qardaş münasibətləri belə olar

        Azərbaycan ilə Qazaxıstan arasında diplomatik, mədəni, sosial, siyasi və iqtisadi münasibətlər ilbəil möhkəmlənir. Qazaxıstan Respublikası Prezidentinin tapşırığına əsasən, paytaxtın ən iri küçələrindən birinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verilib. Azərbaycanda tərəqqi və genişmiqyaslı quruculuq işləri bu böyük insanın rəhbərliyi ilə başlayıb. Yeni məkan və oradakı memarlıq elementləri qardaş dövlətlər arasında möhkəm və bir-birini qarşılıqlı zənginləşdirən əməkdaşlığın rəmzidir. Heydər Əliyevin şərəfinə adlandırılmış küçədə dərin mənalı bir monument ucaldılıb. Bu memarlıq nümunəsinə daxil olan elementlər türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayır.

         Bu münasibətlə keçirilən mərasimdə Prezident İlham Əliyev demişdir: “Hər bir azərbaycanlı kimi məndən ötrü də Heydər Əliyevin adı çox əzizdir. Təkcə ona görə yox ki, o, mənim atamdır, həm də ona görə ki, bu insan müasir müstəqil Azərbaycanın ən çətin dövründə xalq tərəfindən dəvət edildi və ən ağır dövrdə ölkəyə rəhbərlik etdi. Heydər Əliyev haqqında danışarkən onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü də xatırlamamaq olmaz, bu dövr də quruculuq, inkişaf dövrü idi. O vaxt - ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərinin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Sonra Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunun – sovet dövlətinin ali məşvərət orqanının üzvü qismində və hökumətin sədrinin birinci müavini vəzifəsində işlədiyi dövr olub. O vaxt Heydər Əliyev əslində keçmiş SSRİ-nin xalq təsərrüfatının bir sıra ən mühüm sahələrinə rəhbərlik edirdi”.

        Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir. Azərbaycanla Qazaxıstan iki dost, qardaş və strateji tərəfdaşlıq münasibətləri olan ölkələrdir. Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasındakı qarşılıqlı etimad, dostluq münasibətlərinin ən yüksək səviyyədə olmasını şərtləndirir.

         Hər iki ölkə liderinin şəxsi, qardaşlıq münasibətləri dünya səviyyəsində davam etdirilir. Ümummmilli Liderimizin dünyada, o cümlədən qonşu ölkələrin xalqları arasındakı höğrməti, Azərbaycan Prezidentinin dünyadakı nüfuzu onu göstərir ki, Azərbaycan türkdilli ölkələrlə, xüsusilə qardaş ölkələrlə münasibətlərə çox böyük önəm verir. Bu gün də biz Qazaxstanla olan münasibətlərimizdə müsbət tendensiyanın şahidi oluruq. Biz inanırıq ki, bu münasibətlər gələcəkdə də ən yüksək səviyyədə inkişaf edəcək.

     Pərviz Ağayev,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Şabanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə

vəzifəsini müvəqqəti icra edən


Digər xəbərlər

0.20082092285156