Rəşad Dağlı daha bir maddə ilə ittiham olunur 

20:20 17-04-2023 | icon 1005
Rəşad Dağlı daha bir maddə ilə ittiham olunur 

Qəsdən adam öldürməyə görə tutulan tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ilk məhkəmə iclası bu gün keçiriləcək.

Hazırlıq iclasına Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək, ilkin dinləmələr keçiriləcək.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İskəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

 
 

“Qafqazinfo”nun məhkəmədə iştirak edən əməkdaşının verdiyi məlumata görə, hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilib.

Məlum olub ki, məhkəmə müddətində dövlət ittihamının müdafiəsini tanınmış prokuror Orxan Səmədov həyata keçirəcək.

Bundan başqa o da məlum olub ki, Rəşad Dağlıya qəsdən adam öldürmə ittihamından əlavə olaraq Cinayət Məcəlləsinin 228.4-cü maddəsi (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) ilə də ittiham verilib.

Daha sonra Rəşad Dağlının vəkili Elvin Əliyev proseslərin qapalı keçirilməsinə dair vəsatət verib. O bildirib ki, məhkəmədə Rəşad Dağlının şəxsi və ailə sirləri elan oluna bilər. Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Bildirilib ki, vəsatətə növbəti məhkəmə iclasında baxılacaq.

Məhkəmənin baxış iclası mayın 1-nə təyin edilib.


Digər xəbərlər

0.27945899963379