Bakıda AHİK və BƏT-nin birgə təşkilatçılığı ilə subregional seminar keçirilir

15:08 03-05-2023 | icon 892
Bakıda AHİK və BƏT-nin birgə təşkilatçılığı ilə subregional seminar keçirilir

Mayın 3-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
(AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Şərqi
Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizə və daha təmiz, davamlı
dünyaya ədalətli keçid” adlı subregional seminar başlayıb.
Seminarda AHİK sədrinin birinci müavini İlyas Əliyev, BƏT-nin Avropa və
Mərkəzi Asiya üzrə nümayəndəsi Sergiyus Qlovaskas, həmçinin BƏT-nin
rəsmiləri - Lene Olsen, Cristina Martinez və Lilia Kaçkinbayeva, Qazaxıstan,
Qırğızıstan və Özbəkistanın müvafiq qurumlarının nümayəndələri, eləcə də
Konfederasiyaya üzv təşkilatların əməkdaşları iştirak edirlər.
Seminar iqlim dəyişikliyi və hamı üçün ekoloji cəhətdən dayanıqlı
iqtisadiyyata və cəmiyyətə keçidlə bağlı milli çağırışların və imkanların müəyyən
edilməsini, həmkarlar ittifaqlarının iqlim dəyişikliyi və ədalətli keçid məsələlərində
məsuliyyətini izah etməyi, bununla bağlı həmkarlar ittifaqlarının siyasətini və
fəaliyyət planlarını hazırlamağı və s. nəzərdə tutur.
Gələcəkdə yaşıl iş yerləri, belə şəraitdə layiqli əməyin təşviqi və təşkili
zamanı mövcud iş yerlərinin qorunması, bu məsələdə həmkarlar ittifaqlarının
vəzifələri, ədalətli keçidin təmin olunması zamanı görülməli işlər, əməkdaşların
müəyyən edilməsi, həyata keçiriləcək tədbirlər seminarın əsas müzakirə
predmetidir.
Giriş sözü ilə çıxış edən İlyas Əliyev mövzunun aktuallığından, qlobal iqlim
dəyişikliyindən, bunun səbəb olduğu böhrandan, insanların həyatına ciddi
təsirindən, kütləvi yerdəyişmələrə səbəb olmasından, dünyada sülh və təhlükəsizliyə təhdidləri və bundan çıxış yollarından danışıb. O həmçinin bu aspektdə AHİK tərəfindən görülən işlərdən də geniş söz açıb.
Qeyd edib ki, aparılan tədqiqatların nəticəsi olaraq Konfederasiya tərəfindən
qənaətə gəlinib ki, “Yaşıl iş yerləri" prinsipi iqlim dəyişikliyindən zərər çəkənlərə
lazımi yardımın göstərildiyi və işəgötürənlər, işçilər və onların təşkilatları, habelə
sosial sahədə fəaliyyət göstərən digər təşkilat və qurumlar tərəfindən yeni
imkanların yaradıldığı "ədalətli keçid"i tələb edir. Eləcə də həyat qabiliyyətli
müəssisələrin inkişafı, iş yerlərinin yaradılması prosesinin stimullaşdırılması,
kişilər və qadınlar üçün imkanların bərabərliyi, işçilərin təhsil və peşə hazırlığı
səviyyəsinin yüksəldilməsi, sosial təminatın yaxşılaşdırılması və keçid prosesinin
asanlaşdırılması üçün yeni, hərtərəfli siyasi tədbirlər görülməlidir. AHİK-in sədr
müavini bütün bunlara nail olmaq üçün üçtərəfli sosial dialoqu və kollektiv
danışıqların əhəmiyyətini vurğulayıb.
Ardınca BƏT-nin nümayəndəsi Sergiyus Qlovaskas iqlim dəyişikiliyi və onun
fəsadları barədə danışıb, BƏT-nin bu istiqamətdə fəaliyyət planını haqqında
məlumat verib.
Sonra seminar öz işinə başlayıb, iqlim dəyişiklikləri ilə bağlı təqdimatlar olub,
çıxışlar edilib, geniş müzakirələr aparılıb, mövzu ətrafında iştirakçıları
maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər dinlənilib.
Qeyd edək ki, seminar mayın 5-dək davam edəcək.


Digər xəbərlər

0.28289318084717