Heydər Əliyev İli

12:32 15-05-2023 | icon 845
Heydər Əliyev İli

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan
dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının
100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan
edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun
tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi
kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının
işığında qədəm qoymuşdur. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi
cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və
dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi
sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə
xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi
qiymətləndirilir. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün
gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı
istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar
yaradacaq.
    Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti,
xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək
Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. Onun fəaliyyətinin hər bir
mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istərsə də
müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət
hissi ilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının
qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan
dövlətidir.
    Sərəncamda da vurğulandığı kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın
mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu
müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla
irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.
Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini
düşünərək biri-birindən mühüm addımlar atmışdır. Bu fikir hər zaman önə çəkilir ki, ulu
öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən
geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci
mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. 1969-
1982-ci illərdə qoyulan möhkəm iqtisadi təməl bu günümüz üçün əsas oldu.
    Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün böyük idarəçilik
bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü
qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni
sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Ümummilli Lider bildirirdi ki, milli
azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun
canlanması lazımdır. Dahi rəhbər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi
doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün
imkanlardan onun inkişafı üçün istifadə etmişdir.
Muradov Sərhəd
Saatlı şəhər Bülbül adına UMM-nin tar müəllimi


Digər xəbərlər

0.24606418609619