Emin Əmrullayev: "Liqada 10-12 komandanın olmasını planlaşdırırıq"

11:46 22-05-2023 | icon 739
Emin Əmrullayev:

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Astarada keçirilən 3x3 qadın basketbolu üzrə yarışda iştirak edib.

Azeripress.az-ın Astaraya ezam olunmuş əməkdaşı elm və təhsil naziri də olan Emin Əmrullayevin müsahibəsini təqdim edir:

– Turnirlə bağlı fikirləriniz necədir?
– Artıq turnir başa çatdı. Oxşar daha iki turnir keçirilməlidir. Öncə Şuşada, avqustda isə Bakıda belə mərhələ yarışı təşkil olunacaq. Astara camaatı və basketbol azarkeşləri üçün bayramdır. Çox maraqlı turnir idi.

– Qarşıda Şuşa yarışı var. Hazırlıq nə yerdədir?
– Komandaların siyahısı gələn həftə müəyyənləşəcək. 7 komanda qeydiyyatdan keçib. Biz 8 komandanı gözləyirik. Azərbaycan millisi və "Neftçi" yenə həmin yarışda iştirak edəcək. Bizim komandalar üçün də təcrübədir. Bu yöndə hazırlıqlar gedir.

– Kütləviliyin artması üçün daha hansı yarışlar nəzərdə tutulub?
– Tamaşaçılar arasında azyaşlı şagirdlər var. Bu, uşaq basketbolunun inkişafı üçün yaxşıdır. Basketbol liqasının oyunları da maraqlı keçir. Klublarımız avrokuboklarda oynayarsa, bu, Azərbaycan basketboluna rəng qatacaq.

– Azərbaycan çempionatının səviyyəsi sizi qane etdi?
– Bu, ilk il idi. Çempionata gec başladıq. Çalışdıq ki, keyfiyyətli olsun. Növbəti çempionatın daha maraqlı və coğrafiyasının daha geniş olmasını istəyirik. Qarşıdakı illərdə həmin klubların mümkün qədər uşaq komandalarının da olması üçün federasiya tərəfindən işlər görüləcək. Çünki uşaq basketbolu güclü olarsa, yalnız bu halda basketbolumuz inkişaf edəcək.

– Basketbolun xüsusi dərs kimi dərsliklərə salınması nəzərdə tutulub?
– Bunu daha çox klublarla birlikdə etmək istəyirik. Çünki klublar da bunda maraqlı olmalıdır. Nazirliklə klublar birlikdə bu uşaq basketbolu modeli üzərində işləməyi düşünürük. Bu il "AAAF Xırdalan"la bu modeli tətbiq etdik. Artıq 800-ə qədər uşaq bu komandada basketbolla məşğul olur. Bu, çox yaxşı rəqəmdir. Digər şəhər və rayonlarda da bu təcrübə genişlənərsə, kütləvilik olarsa, keyfiyyətdən danışa bilərik.

– Əvvəlki müsahibələrinizdən birində bildirmişdiniz ki, futbol klublarının da basketbol komandalarının yaradılması üçün çalışırsınız. Ötən il futbol klublarından "Sabah" basketbola qoşuldu. Futbol klublarının basketbola cəlb edilməsi yönündə iş görülür?
– Ümumi iş gedir. Həmişə belə təkliflərə açığıq. Bəzi klublar tərəfindən maraq da var. Yəqin ki, 2-3 həftəyə kimlərin ola biləcəyini görəcəksiniz. Proses gedir. Daha oturuşmuş klublarla işləmək daha rahatdır, nəinki yeni klubların yaradılması. Bu o demək deyil ki, yeni klub yaranmır. Hazırda bir neçə təşəbbüs var. Maksimum bir ay ərzində növbəti mövsüm hansı klubların liqada mübarizə aparacağı barədə məlumat alacaqsınız. 8-dən çox komandanın liqada olmasını planlaşdırırıq. Bu, 10, ya 12 olacaq, baxacağıq...

– Liqanın qalibinin avrokuboklarda mübarizə aparması gözlənilir?
– Gözlənilir. Sadəcə bu yenə də klubların maliyyə imkanlarından asılıdır. Bu məsələni FIBA-da qaldırmağa hazırıq. Çempionlar Liqası və Avropa Kubokunda iştirak üçün imkanlarımız var. Sadəcə komandalarımız müvafiq şərtlərə cavab verməlidir. Bu şərtlərə cavab versələr, bəli, klublarımız avrokuboklarda oynayacaqlar.


Digər xəbərlər

0.34317302703857