İlham Əliyev Monteneqro parlamentinin sədrini qəbul etdi

17:09 23-05-2023 | icon 656
İlham Əliyev Monteneqro parlamentinin sədrini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Monteneqro parlamentinin sədri xanım Daniyela Curoviçi qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Dövlət başçısı ikitərəfli əlaqələrimizin yaxşı səviyyədə olduğunu bildirib. Prezident İlham Əliyev hazırkı dövrdə Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində ölkəmizin önəmli tərəfdaşa çevrildiyini deyib, Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və energetika sahələrində də əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayıb.

 
 

Parlamentlər səviyyəsində əlaqələrin əhəmiyyətinə toxunan Azərbaycan Prezidenti ölkələrimizin müxtəlif parlamentlərarası beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd edib. Dövlət başçısı Daniyela Curoviçin ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığını vurğulayıb.

Qonaq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

Daniyela Curoviç Azərbaycanla Monteneqronun dost ölkələr olduğunu vurğulayaraq, Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransın Bakıda keçirilməsinin önəminə toxunub, bu tədbirdə enerji və ərzaq təhlükəsizliyi, həmçinin digər mühüm məsələlərin müzakirə olunduğunu bildirib. Monteneqro parlamentinin sədri konfrans çərçivəsində Zəngilan rayonuna səfərin də təşkil ediləcəyini və işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işləri ilə yerində tanış olacaqlarını diqqətə çatdırıb.

Qonaq Monteneqronun Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Ölkələrimiz arasında çarter aviareyslərinin həyata keçirildiyini deyən Daniyela Curoviç bunun turizm sahəsində əlaqələrin genişlənməsinə töhfə verdiyini qeyd edib, gələcəkdə bu istiqamətdə də əməkdaşlığı dərinləşdirmək üçün yaxşı imkanların olduğunu bildirib.

Görüşdə, həmçinin sərmayələr sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.


Digər xəbərlər

0.29403686523438