Müsəlman Şərqində ilk demokratik respublika

19:18 25-05-2023 | icon 714
Müsəlman Şərqində ilk demokratik respublika

       1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik respublika xalq cümhuriyyəti qurmaqla Azərbaycan xalqı öz dövlətçilik ənənələrini yenidən bərpa etdi. Bu barədə Ulu Öndər Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu”.

        Azərbaycan xalqı haqlı olaraq müsəlman aləmində ilk demokratik respublikanın yaradıcıları kimi bu tarixlə fəxr edir. Amma bu şərəfli tarix uzun sürmədi, bolşevik-daşnak qüvvələri və onların rəhbərlərinin cinayəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etdi.

       Ötən əsrin 70-80-ci illərində - Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ümummilli ideyanın gerçəkləşdirilməsi - Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinə qovuşması istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı”.

        Bu mənada dövlət müstəqilliyimizin təməli, əslində, ötən əsrin 70-80-ci illərində qoyulmuşdu. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir.

        Ümummilli Liderimiz qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Sahibkarlığa, sərbəst rəqabətə yol açan və liberallığı özündə ehtiva edən sosialyönümlü iqtisadiyyat modelinin əsası qoyulmuşdur.Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

        Biz bu gün bir daha görürük ki,  Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Bu gün real olaraq  Cənubi Qafqazın lideri statusunda çıxış edən Azərbaycan dövləti beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin təmini, terrorizmə qarşı mübarizə məsələlərində hər zaman əhəmiyyətli rol oynayıb. Bütün bunlar Azərbaycanın hər bir vətəndaşını sevindirməyə bilməz.

Azad Cəfərov,

Cəlilabad rayon Sabirabad kənd 2 nömrəli

tam orta məktəbin direktoru


Digər xəbərlər

0.26433706283569