“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi"

21:35 26-05-2023 | icon 743
“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi

105 il bundan öncə, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
qurulması xalqımızın istiqlal tarixində ən şanlı səhifələrdən biridir. Qısa müddətli
mövcudluğuna baxmayaraq, tariximizdə geosiyasi dönüş nöqtəsi yaradan və bugünkü
müstəqil dövlətçiliyimizin ideoloji təməllərini qoyan Azərbaycan Xalq Cümhuriyyəti bizim
qürur mənbəyimizdir. 
XX əsrin sonlarında mənfur erməni daşnak birləşmələrinin hərbi-siyasi təcavüzünə
məruz qalan Azərbaycan xalqı doğma torpaqlarını qorumaq, imperiya əsarətindən
qurtulmaq üçün yenidən milli-azadlıq yoluna qədəm qoydu və dövlət müstəqilliyini bərpa
etdi. Lakin əzəli və əbədi Azərbaycan torpaqlarının bir-birinin ardınca işğal edilməsi,
ermənilərə havadarlıq göstərənlər tərəfindən ölkəmizə qarşı siyasi təzyiqlər, beynəlxalq
ayrı-seçkilik, daxildəki siyasi qeyri-sabitlik, dərin sosial-iqtisadi böhran davam edir, müstəqil
dövlətimizi yeni-yeni sınaqlara çəkirdi. Belə bir çətin və mürəkkəb siyasi şəraitdə xalqın
yekdil rəyi və çağırışı ilə respublika rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyev öz dərin
və uzaqgörən siyasəti ilə dövlətimizin müstəqilliyini və suverenliyini qoruyaraq, xilaskarlıq
missiyasını yerinə yetirdi. Xalqımızın ümummilli liderinin qəbul etdiyi müdrik qərarlar
dövlətçiliyimizin əsaslarını möhkəmləndirdi, Azərbaycanın nicat və davamlı inkişaf yolunu
müəyyənləşdirdi. Onun yorulmaz səyləri sayəsində ölkədə vətəndaş qarşıdurmasının
qarşısı alındı, cəbhə bölgəsində atəşkəs əldə edildi və ölkəmizin iqtisadi qüdrətinin əsasını
qoyan taleyüklü enerji müqavilələri imzalandı. Ulu öndər Heydər Əliyevin Azərbaycanı
inkişaf və tərəqqi zirvəsinə aparan siyasi-iqtisadi kursu bu gün də möhtərəm Prezidentimiz
İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Artıq beynəlxalq birliyin
bərabərhüquqlu üzvü olan Azərbaycan təkcə yaşadığımız regionda deyil, bütün dünyada
özünə layiqli yer tutan nüfuzlu, müasir və güclü bir dövlətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının qətiyyətli və müdrik
komandanlığı altında rəşadətli ordumuz üç il öncə uğurlu əks-hücum əməliyyatları
keçirərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, soydaşlarımızın 30 illik Vətən
həsrətinə son qoydu. Bu Böyük Zəfər Prezidentimizin müdrik və uzaqgörən siyasət xəttinin,
öz  liderinin arxasınca inamla addımlayan xalqımızın sarsılmaz birliyinin, qətiyyətli
rəhbərinə, qüdrətli və müzəffər Ali Baş Komandanına bəslədiyi sonsuz inam və etimadının
qələbəsidir. Bu Zəfər ölkəmizin siyasi, iqtisadi və mədəni inkişaf yolunda qazandığı misilsiz
nailiyyətlərin labüd nəticəsidir.
Bütün bu imtahanlardan, çətinliklərdən keçmiş bugünkü Azərbaycan hakimiyyəti bundan
sonra da qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir və biz Azərbaycanı
demokratiya yolu ilə, ardıcıl surətdə irəliyə aparacağıq, ölkəmizin müstəqilliyini göz
bəbəyimiz kimi qoruyacağıq, Azərbaycanın müstəqilliyini daimi edəcəyik, əbədi edəcəyik.
Əmin ola bilərik ki, Azərbaycanın sükanı etibarlı əllərdədir. 
Günel Şıxəliyeva
Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.29150795936584