Azərbaycan klublarının UEFA reytinqində 2023/2024 mövsümünə başlayacaqları mövqe müəyyənləşib

22:01 26-05-2023 | icon 779
Azərbaycan klublarının UEFA reytinqində 2023/2024 mövsümünə başlayacaqları mövqe müəyyənləşib

Azərbaycan klublarının UEFA reytinqində 2023/2024 mövsümünə başlayacaqları mövqe müəyyənləşib.

Cədvəl 2019/2020-dən bəri son 4 mövsümdə toplanan xallara əsasən tərtib edilib.

Azərbaycanın ən yüksək reytinqli klubu “Qarabağ”dır. Ağdam təmsilçisi 2023/2024 mövsümünə 22.000 xalla başlayacaq. Qurban Qurbanovun kollektivi eyni xala malik “Fənərbağça” (Türkiyə), PAOK (Saloniki, Yunanıstan) və “Zenit”lə (Rusiya) birlikdə 65-ci yeri bölüşdürəcək.

“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 8.000 xalı olacaq “ağ-qaralar” “Dnepr-1” (Ukrayna), “Şemrok Rovers” (İrlandiya), “Astana” (Qazaxıstan), “Yablonets” (Çexiya) və “Rusenborq”la (Norveç) 135-ci pilləyə şərik olacaqlar.

“Qəbələ” mövsümə 3.000 xalla başlayacaq. “Qırmızı-qaralar” 14 komanda ilə birlikdə 300-cü sıranı bölüşdürəcəklər.

Azərbaycan çempionatının digər iştirakçıları “Zirə”, “Şamaxı”, “Sumqayıt” və “Səbail” isə hərəyə 2.850 reytinq xalına malik olacaq və 315-ci pillədə şərikli qərarlaşacaqlar.

Bu mövsüm Premyer Liqada debüt edən “Turan Tovuz”, yenidən elitaya qayıdan “Kəpəz” və növbəti mövsüm avrokuboklarda debüt edəcək “Sabah” 393 klub sırasına düşməyiblər.

Türkiyənin ən reytinqli komandası “Başakşehir”dir. İstanbul klubu 29.000 xalla 51-ci pillədə qərarlaşacaq. “Qalatasaray” (23.500) 59-cu, “Fənərbağça” (22.000) 65-ci, “Sivasspor” (16.500) 84-cü yerdə olacaqlar. “Trabzonspor” (11.500 xalla 103-cü), “Beşiktaş” (9.000 xalla 124-cü), “Konyaspor”, “Alanyaspor”, “Yeni Malatyaspor” (hamısı 2.000 xalla 202-ci) ilk “100-lük”dən kənarda qalacaqlar.

Ukrayna “Şaxtyor”u keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır. Donetsklilər 53.000 xalla 23-cü yerdədirlər. Ukraynanın digər təmsilçisi Kiyev “Dinamo”su (24.000) 57-cidir. Bu sıralamada ilk “üçlüy”ü “Qarabağ”la “Zenit” bölüşdürürlər.

2023/2024 mövsümünün startında UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (118.000) başçılıq edəcək. Almaniyanın “Bavariya” klubu 116.800 xalla ikinci sırada yer alacaq. İlk “üçlüy”ü isə İspaniya “Real Madrid”i (102.000) qapayacaq.


Digər xəbərlər

0.30368280410767