Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub

10:34 30-05-2023 | icon 999
Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası
keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə
qonaq qismində iştirak edib. Ölkə başçısı öz çıxışında bildirib ki, Ermənistan istisna
olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində
uğurla inkişaf edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin
normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması
əsasında ciddi imkanlar vardır.
Prezident İlham Əliyev iştirakçı dövlətlərin başçılarına məlumat verib ki, 2022-ci
ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7
milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38
faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət
dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat
yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu
bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzər
dənizində 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton
yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək
və bununla da yükaşırmaların həcmi 25 milyon tona çatacaqdır. Azərbaycanın bu günkü
gəmiqayırma imkanları Xəzərətrafı qonşu dövlətlərə təqdim olunub. Bakı gəmiqayırma
zavodunda ölkəmizin Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə
danışıqlar və fəal iş aparılır.
Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq
dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi
layihəsinin fəal iştirakçısıdır. Həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar
Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi
olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü irəli sürülüb.
Hazırda Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi
son iki ildə işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda tikilib.
Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara
veriləcək. Azərbaycan illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük
donanmasına malikdir.
Ölkəmiz tam iqtisadi müstəqilliyə nail olub. Bu da bizim müstəqil xarici siyasət
kursunu uğurla həyata keçirməyə tam şəkildə imkan verir. Təxminən dörd ildir ki,
Azərbaycan Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisat olan
və 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Azərbaycan
iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il
ərzində ölkənin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun
səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9
faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici
borcu 10 dəfə üstələyir.
Dövlət başçısının Rusiya Federasiyasına səfəri, Ali Avrasiya İqtisadi Şurasının
geniş tərkibdə iclasında xüsusi qonaq qismində iştirakı və qeyd olunduğu kimi Bakı və
İrəvanla dayanıqlı sülhün əldə olunması istiqamətində nəzərdə tutulmuş görüşü
dünyanın diqqət mərkəzində olub. Cənab Prezident növbəti dəfə ölkəmizin iqtisadi
imkanlarını və sülhsevər siyasətini toplantıda iştirak edən dövlətlərin rəhbərlərinin
nəzərinə çatdırdı, həmçinin həmkarı ilə görüşündə Qarabağı Azərbaycanın tərkib
hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatını şərh edərək bildirdi ki,
konkret rəqəmlər göstərməklə ərazi bütövlüyümüzün tanınmasından sonra sülh
sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaqdır.
Vəliyeva Südabə Eminağa qızı
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru


Digər xəbərlər

0.30782198905945