Sülh gündəliyi öz aktuallığını qoruyur


Son günlərdə Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən
Azərbaycanın Kəlbəcər və Gədəbəydəki mövqeləri intensiv atəşə məruz qalır.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərini pozan işğalçı
dövlət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. İşğalçıya kifayət qədər
təzyiq göstərilmədiyi üçün həmişə olduğu kimi yenə də bölgədə sabitliyi
pozmaqla sülh prosesinə əngəl törədən Ermənistan təxribatlarını davam etdirir.
Azərbaycanın işğalçı dövlətə sülh sazişinin imzalanması üçün təklif etdiyi
prinsipləri sözdə qəbul etdiyini bildirən Ermənistanın bu cür təxribatları, üstəlik
işğalçı ölkədə yeni müharibəyə təhrik, hazırlıq çağırışlarının səslənməsi dünya
siyasətinin gündəmində aktuallığını qoruyan əsas məsələlərin həllini arxa
plana keçirir.
30 il ərzində yaratdığı «qüdrətli ordusu»nun 44 gündə Azərbaycan Silahlı
Qüvvələri tərəfindən darmadağın edilməsindən nəticə çıxarmayan
Ermənistanın qısa müddətdə güc toplamaq iqtidarında olmadığını işğalçı kimi,
himayədarları da yaxşı bilirlər. Erməniləri mifik orduya malik olduğunu
inandıranlar belə yeni müharibənin Ermənistan üçün daha ağır nəticələr
verəcəyini bilirlər. Çünki Azərbaycanın 44 gün davam edən İkinci Qarabağ
müharibəsində qazandığı Zəfər 30 il susanlara da tarixi dərs oldu. Artıq
Azərbaycan siyasi, hərbi, diplomatik sahədə Ermənistanı dəfələrlə üstələdiyini
beynəlxalq aləmdə güclənən mövqeyi, bölgədə yaratdığı reallıqlarla
təsdiqləyib.
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında intensivləşən münasibətlər,
ölkəmizin postmüharibə dövründə həyata keçirdiyi yeniliklərin beynəlxalq
səviyyədə dəstəklənməsi Prezident İlham Əliyevin özünü doğruldan
siyasətinin təsdiqidir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin,
Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı
ilə keçirilən üçtərəfli Brüssel görüşündə tərəflər arasında sülh sazişinin
imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işçi
qruplarının yaradılmasında qurumun göstərdiyi səylər postmünaqişə dövründə
münasibətlərin normallaşması prosesinə töhfə olmaqla bölgədə sabitliyin
təminatı üçün atılan inamlı addım idi.
Azərbaycan və Ermənistan arasında etimad mühitinin möhkəmləndirilməsi,
«Brüssel gündəliyi»ndə nəzərdə tutulan məsələlərin həlli naminə önəmli
addımların atılması Cənubi Qafqazda davamlı sabitliyin yaranmasını təmin
edəcək sülh müqaviləsi üçün çox önəmlidir. Sərhədlərin delimitasiyası və
demarkasiyası üçün Birgə Sərhəd Komissiyasının yaradılması ilk addım kimi
dəstəkləndi. Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşması, nəqliyyat və kommunikasiyaların açılması üçün qətiyyət
göstərən dövlət başçımızın səyləri yüksək qiymətləndirilir.
Azərbaycan tərəfindən təqdim olunan və beynəlxalq hüquqa əsaslanan 5
prinsipin beynəlxalq səviyyədə dəstəklənməsi, Birinci Qarabağ müharibəsində
itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyi ilə bağlı məsələlərin
aktuallaşması önəmli məsələ kimi diqqətdə saxlanılır. Tərəflər arasında
keçirilən görüşlərdə irəli sürülən təkliflərə, bölgədə sabitliyin təminatı üçün
qəbul olunmuş bəyannamələrdə qeyd olunan öhdəliklərə əməl edən ölkəmizdən
fərqli olaraq 10 noyabr 2020-ci il Bəyanatı da daxil olmaqla digər sənədlərdən
irəli gələn vəzifələri yerinə yetirməyən Ermənistan sülh sazişinin
imzalanmasında maraqlı olmadığını tərəddüdləri, son zamanlarda intensivləşən
təxribatları ilə bildirir. Görünən odur ki, Ermənistanın bu cür mərkəzdənqaçma
hərəkətləri əvvəlinci olmadığı kimi sonuncu da deyil. Artıq tarixin arxivinə
göndərilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ildə aparılan danışıqları
bəhanələri, siyasi etikaya sığışmayan əməlləri ilə kobud şəkildə pozan, bir
dövlət kimi təkmil xarici siyasəti olmayan Ermənistan yenə də başqalarının
təhriki, göstərişi ilə hərəkət edir, Cənubi Qafqazda regional maraqları
olanların istəklərinə uyğun addımlar atır, bəhanələri ilə bölgədə sabitliyin
təminatına xələl gətirir. İkinci Qarabağ müharibəsindən sonra keçirdiyi bütün
görüşlərdə, yerli və xarici KİV-lərə müsahibələrində bütün dövlətlərlə qarşılıqlı
əməkdaşlığın, dünyada sülhün tərəfdarı olduğunu bildirən, Azərbaycanın açıq
və beynəlxalq aləmdə qəbul olunan sülh gündəliyi və təşəbbüsləri Cənubi
Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldildiyini,
sülh sazişinin imzalanması naminə göstərdiyi səyləri diqqətə çatdıran
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, regionda təcrid edilmiş
ada kimi yaşaya bilməyəcəyini unudan, kapitulyasiya aktını imzalayan
Ermənistan təxribatları ilə sonunu yaxınlaşdırır. İqtisadi, siyasi böhran
məngənəsində boğulan, sülhə daha çox ehtiyacı olan Ermənistan rəhbərliyinin
tərəddüdləri, revanşist qüvvələrin təsiri və təzyiqi, xarici ölkələrin təhriki ilə
sülh sazişini əngəlləmək niyyəti işğalçı dövlətin bir ölkə kimi yoxluğu ilə
nəticələnə bilər.
Buna görə də masa üzərində olan təkliflərlə razılaşmaqdan başqa seçimi
olmayan Ermənistan bilməlidir ki, Azərbaycanın səbri sonsuz deyil. Bu
sonsuzluğun verə biləcəyi nəticələri isə Ermənistan daha yaxşı bilir. Buna görə
də reallığı dərk edib sülhə can atması ən çox onun özünə sərf edəcəkdir. Sülh
müqaviləsinin imzalanması ilə Avrasiya regionunda əməkdaşlığın
möhkəmlənməsi üçün yeni imkanlar yaranacaqdır. Ermənistanın beynəlxalq
hüquq norma və prinsipləri əsasında formalaşan təklifləri qəbul etməsi müsbət
hal olsa da, hələ də konkret addımlardan danışmağa əsas yoxdur.
Vətən müharibəsindən uzun müddət ötməsinə baxmayaraq Ermənistanın
tərəddüdlər labirintindən çıxmaq istəməməsi, önəmli məsələlərin həllindən
boyun qaçırması, qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan
çıxarılması öhdəliyinə əməl etməməsi daimi sülhə yaranan təhlükə riskini
qoruyur.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan müdafiə qüdrətini daha
da möhkəmləndirib. Ordumuzun gücü, təchizatı, döyüş qabiliyyəti daha da
möhkəmlənib. Ən müasir silahların alınması üçün yeni müqavilələr imzalanıb.
Son model silahlar, ən müasir texnika Azərbaycana gətirilir. Sərhədlərin
müəyyən edilməsində köhnə taktikasına sadiq qalan, vaxtı uzadan Ermənistan
artıq başa düşməlidir ki, sərhədlərdə törətdiyi təxribatlar, mövqelərimizə açılan
atəşlər bumeranq kimi geriyə dönəcək. Nəticədə daha ciddi peşmançılıqlarla
üzləşəcək yenə də Ermənistan olacaq.
«Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ
qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi
rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl
Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə
olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni
silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır,
bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd
olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10
noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir.
Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin
Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik,
biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan
ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq
desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq?» söyləyən Prezident
İlham Əliyev cavabı da özü müəyyənləşdirib: «Biz Ermənistanda baş qaldıran
revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax,
o dağın başında mənim sözlərim yazılıb: «Dəmir yumruq” yerindədir, bunu heç
kim unutmasın”!»
Muradova Ülkər
Saatlı rayonu Kamallı kənd ümumi orta məktəbin Azərbaycan dili və
Ədəbiyyatı müəllimi
-
Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi - Video
...
-
Oktyabrın hava proqnozu
...
-
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qənirə Paşayevanın vəfatı ilə əlaqədar onun yaxınlarına başsağlığı verib
...
-
Leysan, dolu, 29° isti - Sabahın havası
...
-
Prezident və birinci xanım deputat Qənirə Paşayevanın məzarına əklil göndərib
...
-
Qənirə Paşayeva dəfn olunub
...
-
Qənirə Paşayeva vəfat etdi
...
-
Azərbaycandan Qarabağ ermənilərinə - Çağırış
...
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VI Məclisinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə MÜRACİƏTİ
...
-
Sabah da isti olacaq
...