Sülh gündəliyi öz aktuallığını qoruyur

10:37 30-05-2023 | icon 664
Sülh gündəliyi öz aktuallığını qoruyur

Son günlərdə  Ermənistanın  qanunsuz silahlı birləşmələri tərəfindən
 Azərbaycanın  Kəlbəcər və Gədəbəydəki mövqeləri  intensiv atəşə məruz qalır. 
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərini pozan işğalçı
dövlət  üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.  İşğalçıya kifayət qədər
təzyiq göstərilmədiyi üçün həmişə olduğu kimi yenə də bölgədə sabitliyi
pozmaqla sülh prosesinə əngəl törədən Ermənistan təxribatlarını davam etdirir.  
Azərbaycanın işğalçı dövlətə sülh sazişinin imzalanması üçün təklif etdiyi 
prinsipləri sözdə qəbul etdiyini bildirən Ermənistanın bu cür təxribatları, üstəlik
işğalçı ölkədə yeni müharibəyə təhrik,  hazırlıq çağırışlarının səslənməsi dünya
siyasətinin   gündəmində  aktuallığını qoruyan əsas məsələlərin həllini arxa
plana keçirir.
30 il ərzində  yaratdığı  «qüdrətli  ordusu»nun  44 gündə  Azərbaycan Silahlı
Qüvvələri tərəfindən  darmadağın edilməsindən nəticə çıxarmayan
Ermənistanın qısa müddətdə  güc toplamaq iqtidarında olmadığını  işğalçı kimi,
himayədarları da  yaxşı bilirlər. Erməniləri  mifik orduya malik olduğunu
 inandıranlar  belə yeni müharibənin Ermənistan üçün daha ağır nəticələr
verəcəyini bilirlər. Çünki Azərbaycanın 44 gün davam edən İkinci Qarabağ
müharibəsində  qazandığı Zəfər 30 il susanlara da tarixi dərs oldu.  Artıq
 Azərbaycan siyasi, hərbi, diplomatik  sahədə Ermənistanı dəfələrlə üstələdiyini
 beynəlxalq aləmdə güclənən mövqeyi, bölgədə yaratdığı reallıqlarla 
təsdiqləyib.
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında intensivləşən münasibətlər,
ölkəmizin postmüharibə dövründə həyata keçirdiyi  yeniliklərin beynəlxalq
səviyyədə dəstəklənməsi  Prezident İlham Əliyevin  özünü doğruldan
siyasətinin təsdiqidir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin,
Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı
ilə keçirilən üçtərəfli Brüssel görüşündə  tərəflər arasında sülh sazişinin
imzalanması,  sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işçi
qruplarının yaradılmasında  qurumun göstərdiyi səylər postmünaqişə dövründə
münasibətlərin normallaşması prosesinə töhfə olmaqla bölgədə sabitliyin
təminatı üçün atılan inamlı addım idi.
Azərbaycan və Ermənistan arasında etimad mühitinin möhkəmləndirilməsi, 
«Brüssel gündəliyi»ndə nəzərdə tutulan məsələlərin həlli naminə önəmli
addımların atılması Cənubi Qafqazda  davamlı sabitliyin yaranmasını təmin
edəcək  sülh müqaviləsi üçün çox önəmlidir. Sərhədlərin delimitasiyası və
demarkasiyası üçün  Birgə Sərhəd Komissiyasının yaradılması ilk addım  kimi
dəstəkləndi.  Azərbaycanla Ermənistan arasında    münasibətlərin

normallaşması, nəqliyyat və kommunikasiyaların açılması üçün qətiyyət
göstərən  dövlət başçımızın səyləri  yüksək qiymətləndirilir.
Azərbaycan tərəfindən təqdim olunan və  beynəlxalq hüquqa əsaslanan 5
prinsipin  beynəlxalq səviyyədə  dəstəklənməsi, Birinci Qarabağ müharibəsində
itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyi ilə bağlı məsələlərin
aktuallaşması  önəmli məsələ kimi diqqətdə saxlanılır.  Tərəflər arasında
keçirilən görüşlərdə  irəli sürülən təkliflərə,  bölgədə sabitliyin təminatı üçün
qəbul olunmuş bəyannamələrdə  qeyd olunan öhdəliklərə əməl edən ölkəmizdən
fərqli olaraq 10 noyabr 2020-ci il Bəyanatı da daxil olmaqla digər sənədlərdən 
irəli gələn vəzifələri yerinə yetirməyən Ermənistan sülh sazişinin
imzalanmasında maraqlı olmadığını tərəddüdləri, son zamanlarda intensivləşən
təxribatları ilə bildirir. Görünən odur ki,  Ermənistanın bu cür mərkəzdənqaçma
hərəkətləri əvvəlinci olmadığı kimi sonuncu da deyil. Artıq tarixin arxivinə
göndərilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  30 ildə aparılan danışıqları
bəhanələri, siyasi etikaya sığışmayan əməlləri ilə  kobud şəkildə pozan, bir
dövlət kimi təkmil xarici siyasəti olmayan Ermənistan yenə də  başqalarının
təhriki, göstərişi ilə  hərəkət edir,   Cənubi Qafqazda regional maraqları
olanların istəklərinə uyğun   addımlar atır, bəhanələri ilə bölgədə sabitliyin
təminatına xələl gətirir. İkinci Qarabağ müharibəsindən sonra  keçirdiyi bütün
görüşlərdə, yerli və xarici KİV-lərə müsahibələrində bütün dövlətlərlə qarşılıqlı
əməkdaşlığın,  dünyada sülhün tərəfdarı olduğunu bildirən,  Azərbaycanın açıq 
və beynəlxalq aləmdə   qəbul olunan sülh gündəliyi və təşəbbüsləri Cənubi
Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldildiyini,
sülh sazişinin imzalanması naminə göstərdiyi  səyləri  diqqətə çatdıran
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi,   regionda təcrid edilmiş
ada kimi yaşaya bilməyəcəyini unudan, kapitulyasiya  aktını imzalayan 
Ermənistan təxribatları ilə sonunu yaxınlaşdırır. İqtisadi, siyasi böhran 
məngənəsində boğulan,  sülhə daha çox ehtiyacı olan Ermənistan rəhbərliyinin
tərəddüdləri,  revanşist qüvvələrin təsiri və təzyiqi, xarici ölkələrin təhriki ilə
sülh sazişini əngəlləmək niyyəti  işğalçı dövlətin  bir ölkə kimi  yoxluğu ilə
nəticələnə bilər.
 Buna görə də  masa üzərində olan  təkliflərlə razılaşmaqdan başqa seçimi 
olmayan Ermənistan bilməlidir ki, Azərbaycanın səbri sonsuz deyil. Bu
sonsuzluğun verə biləcəyi nəticələri isə Ermənistan daha yaxşı bilir.  Buna görə
də reallığı dərk edib sülhə can atması ən çox onun özünə sərf edəcəkdir. Sülh
müqaviləsinin imzalanması  ilə Avrasiya regionunda əməkdaşlığın
möhkəmlənməsi üçün  yeni imkanlar yaranacaqdır.  Ermənistanın beynəlxalq
hüquq norma və prinsipləri əsasında formalaşan təklifləri qəbul etməsi müsbət
hal olsa da, hələ də  konkret addımlardan danışmağa əsas yoxdur.
Vətən  müharibəsindən  uzun müddət  ötməsinə baxmayaraq Ermənistanın
tərəddüdlər labirintindən çıxmaq istəməməsi, önəmli  məsələlərin həllindən
boyun qaçırması, qanunsuz  erməni silahlı birləşmələrinin Qarabağdan

çıxarılması öhdəliyinə əməl etməməsi daimi sülhə yaranan təhlükə riskini
qoruyur.
İkinci Qarabağ  müharibəsindən sonra  Azərbaycan müdafiə qüdrətini daha
da möhkəmləndirib. Ordumuzun gücü, təchizatı,  döyüş qabiliyyəti daha da
möhkəmlənib. Ən müasir silahların alınması üçün  yeni müqavilələr imzalanıb. 
Son model silahlar, ən müasir texnika Azərbaycana gətirilir. Sərhədlərin
müəyyən edilməsində  köhnə taktikasına sadiq qalan, vaxtı uzadan Ermənistan
artıq başa düşməlidir ki, sərhədlərdə törətdiyi təxribatlar,  mövqelərimizə açılan
atəşlər bumeranq  kimi geriyə dönəcək. Nəticədə  daha ciddi peşmançılıqlarla
üzləşəcək yenə də Ermənistan olacaq.
«Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ
qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi
rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl
Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə
olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni
silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır,
bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd
olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10
noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir.
Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin
Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik,
biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan
ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq
desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq?» söyləyən Prezident
İlham Əliyev cavabı da özü müəyyənləşdirib: «Biz Ermənistanda baş qaldıran
revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax,
o dağın başında mənim sözlərim yazılıb: «Dəmir yumruq” yerindədir, bunu heç
kim unutmasın”!»
Muradova Ülkər
Saatlı rayonu Kamallı kənd ümumi orta məktəbin Azərbaycan dili və
Ədəbiyyatı müəllimi


Digər xəbərlər

0.32461905479431