Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsinə maraq ildən-ilə yüksəlir”

15:52 01-06-2023 | icon 988
Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsinə maraq ildən-ilə yüksəlir”

“Artıq uzun illərdir ölkəmiz mötəbər regional və beynəlxalq tədbirlərə yüksək
peşəkarlıqla ev sahibliyi edir, iqtisadi, siyasi, elmi, humanitar məsələlərin,
mürəkkəb proseslərin müzakirə olduğu məkan kimi tanınır. Həmçinin Azərbaycan
dünya miqyaslı idman yarışlarının yüksək təşkilatçılıqla keçirildiyi ölkə olaraq
nümunə göstərilir və beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur. Sözsüz ki, bu
da ölkəmizin hərtərəfli sürətli inkişafının, burada bərqərar olan siyasi sabitliyin
göstəricisidir. Yenə də gözəl və əzəmətli Bakımız qonaqlı-qaralıdır, paytaxtımızda
regionun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbiri olan Bakı Enerji Həftəsi
keçirilir. Bu çərçivədə 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas”
və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power”
sərgilərinin açılışı baş tutub. Əgər ötən il sərgilərə 30 ölkədən 249 şirkət
qatılmışdısa, artıq bu dəfə 38 ölkədən 331 şirkət iştirak edir. Bu da tədbirə olan
beynəlxalq marağın ildən-ilə yüksəldiyini və artan əhəmiyyətini göstərir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Dövlətimizin başçısı cənab İlham Əliyevin hər il şəxsən sərgilərlə tanış olması,
orada çıxış etməsi, yüksək səviyyəli qonaqlarla, dövlət xadimləri və beynəlxalq
enerji ekspertləri ilə görüşməsi tədbirin statusunu daha da artırır. Həmçinin ABŞ
Prezidenti Cozef Baydenin və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın bununla
bağlı Prezident İlham Əliyevə məktub ünvanlaması Bakı Enerji Həftəsinə ən ali
səviyyədə olan diqqətin təzahürüdür. Hər iki məktubda səslənən fikirlərdən bir
daha aydın olur ki, Azərbaycan dünyanın ən aktual və narahatlıq doğuran
məsələlərinin həllində öndə gedən ölkələrdəndir. Onun reallaşdırdığı neft-qaz
layihələrinin önəmi bu gün göz qabağıdadır və bütün dünya üçün əlverişlidir. Eləcə də sübut edir ki, dünyanın enerji bazarının inkişafı, bu sahədə yeni layihələrin reallaşdırılması yalnız Azərbaycanın dəstəyi ilə baş tuta bilər. Hər kəs fərqindədir ki, Azərbaycan etibarlı tərəfdaşdır, sözü və əməli üst-üstə düşür”, - AHİK sədri
bildirib.
“Dövlətimizin başçısı çıxışında qarşıda duran vəzifələrin anonsunu da verdi.
Azərbaycan Avropa bazarına qaz təchizatını bu il 12 milyard kubmetrə çatdırmağı
hədəfləyir, 2027-ci il üçün isə bu, 20 milyarda kubmetrə çatırılacaq. Təbii ki, bu da
ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq, maliyyə imkanlarını
genişləndirəcək. Həmçinin Azərbaycanda “yaşıl enerji” potensialı da xeyli
yüksəkdir, ölkəmizdə küləkli və günəşli günlərin çox olması bu sahənin inkişafına
geniş imkanlar açır. Hazırda bu istiqamətdə də fəal iş aparılır. Bu da ölkəmizin
enerji potensialına əlavə güc qatacaq”, - Səttar Möhbalıyev vurğulayıb.


Digər xəbərlər

0.27647709846497