AHİK sədri beynəlxalq konfransda Ermənistan tərəfinin əsassız iddialarına cavab verib

16:50 09-06-2023 | icon 513
AHİK sədri beynəlxalq konfransda Ermənistan tərəfinin əsassız iddialarına cavab verib

"Ermənistanın sui-istifadə hallarına Azərbaycan ərazisində qeyri-qanuni yerləşdirilən Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah və sursatın ötürülməsi, terrorçuların girişi və digər qanunsuz əməllərin həyata keçirilməsi və bu bölgədə yaşayan dinc sakinlərin sağlamlığı və həyatı üçün təhlükə törədən digər hərəkətlər daxildir".

Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə keçirilən Beynəlxalq Əmək Konfransının 111-ci sessiyasında Ermənistan tərəfinin əsassız iddialarına cavab verərkən deyib.

O bildirib ki, 2021-ci ildə qəbul olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər” adlı sənədin əsas məqsədi ölkə iqtisadiyyatının gücləndirilməsi zəminində əhalinin rifah səviyyəsinin yüksəldilməsi, yoxsulluğun minimuma endirilməsi, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, xarici bazarlara çıxışın liberallaşdırılmasıdır: “Bu istiqamətdə Azərbaycanda həyata keçirilən mühüm tədbirlərdən biri kimi, işğaldan azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşması prosesinin stimullaşdırılması məqsədilə dövlət tərəfindən “Ağıllı kənd” layihəsi hazırlanıb və uğurla həyata keçirilir. Dünya təcrübəsi göstərir ki, bu cür kəndlərin yaradılması texnologiyası mövcud yoxsulluq səviyyəsini 50 %-dək azaltmağa imkan yaradır. Bu proqramın həyata keçirilməsi Avropa Sosial Xartiyasına uyğun olaraq üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsinə zəmanət verir”.

“Hazırda Beynəlxalq Əmək Təşkilatı ilə bizim aramızda yüksək səviyyədə əməkdaşlıq münasibətləri mövcuddur. Ümidvaram ki, sosial müdafiə ilə bağlı həmkarlar ittifaqı üzvlərinin maarifləndirilməsi sahəsində Beynəlxalq Əmək Təşkilatı tərəfindən texniki dəstək göstərilməsi və səmərəli qarşılıqlı əməkdaşlıq davam etdiriləcək”, - deyən AHİK sədri həmçinin tədbirdə iştirak edən Ermənistan nümayəndə heyətinin üzvü Henrix Yeritsyanın Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialara və böhtanlara cavab verib.

O, təəssüflə bildirib ki, bu sessiyadan sui-istifadə edərək yalançı siyasi təbliğata əl atırlar: "Konkret desək, Ermənistan nümayəndə heyəti dəfələrlə ölkəmizə qarşı yersiz və əsassız ittihamlar irəli sürdü. Ermənistan nümayəndə heyəti iddia edir ki, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını yerinə yetirmir və Laçın yolu ilə mülki əhalinin hərəkətini pozur, bununla da ayrı-ayrı şəxslərin sağlamlığına və həyatına təhlükə yaradır. Bu ittihamları təkzib etmək üçün beynəlxalq məhkəmənin müvafiq əmrinə riayət edilməsi tədbiri kimi, 2023-cü ilin aprelində Azərbaycanının Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi barədə məlumatları məmnuniyyətlə bölüşmək istərdim. Yeni yaradılan nəzarət-buraxılış məntəqəsi Laçın yolu boyunca hərəkət üzərində şəffaflıq və qanunun aliliyi mexanizmi kimi xidmət edir. Bununla da hərəkətin təhlükəsizliyi təmin edilir, o cümlədən tibbi məqsədlər üçün hərəkət var. Digər tərəfdən, Ermənistan tərəfinin Laçın yolundan sistemli və genişmiqyaslı sui-istifadə hallarına yol verməsinin qarşısını almaq məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsi tətbiq olunub. Ermənistanın sui-istifadə hallarına Azərbaycan ərazisində qeyri-qanuni yerləşdirilən Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah və sursatın ötürülməsi, terrorçuların girişi və digər qanunsuz əməllərin həyata keçirilməsi və bu bölgədə yaşayan dinc sakinlərin sağlamlığı və həyatı üçün təhlükə törədən digər hərəkətlər daxildir”.

Qeyd edək ki, AHİK nümayəndələri səfər çərçivəsində iyunun 11-də keçiriləcək Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının 33-cü Baş Assambleyasında da iştirak edəcəklər.


Digər xəbərlər

0.25341606140137