Qarşılıqlı əlaqələrin yeni üfüqləri

14:42 19-06-2023 | icon 1905
Qarşılıqlı əlaqələrin yeni üfüqləri

        Son illər Azərbaycan kimi, Pakistan da böyük uğurla inkişaf və tərəqqi yolundadır. Bu ölkənin Asiya qitəsində və onun təhlükəsizlik arxitekturasının önəmi daim artır. Pakistan etibarlı ölkədir və strateji tərəfdaşıdır. Bu məsələyə toxunan Məhəmməd Şahbaz Şərif deyib ki, onun ölkəsi Azərbaycanı  tamamilə dəstəkləyir,  daha sıx əməkdaşlıq üçün böyük potensial mövcuddur.

        İki ölkə liderlərinin görüşü işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsət olmuşdur. Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin nizama salınması mövzusunda fikir mübadiləsi aparılıb. Bir daha qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində  Azərbaycanın rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur.

        Prezident İlham Əliyev öz Bəyanatında bildirib ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.

         Prezident İlham Əliyev dost və qardaş Pakistanın Baş nazirinin  ölkəmizə səfərinin iki ölkə arasında hərtərəfli əlaqələrin inkişafına böyük töhfə verəcəyini bildirmişdir. Qeyd olunub ki, yaxın gələcəkdə işgüzar dairələrin səylərinin daha geniş surətdə   əlaqələndirilməsi hər iki ölkədə fəal iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Gündəlikdə olan məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri var. Bütün məsələlərdə ümumi anlayış vardır.

        Prezident İlham Əliyev həmçinin qeyd edib ki, bizim irəliyə getməyimizlə bağlı tam aydın təsəvvürümüz var, razılığa gəldik ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir.

        Bəli, Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq potensialı böyükdür. İndi əsas vəzifə bu potensialı hərəkətə gətirmək, bu sahədə nəzərə çarpan uğurlar əldə etməkdir. İnanırıq ki, dövlətlərimiz və xalqlarımız bu imkan­lardan maksimum yararlana biləcək.

Azad Cəfərov,

Cəlilabad rayon Sabirabad kənd 2 nömrəli

tam orta məktəbin direktoru


Digər xəbərlər

0.26619505882263