AHİK sədri Səttar Möhbalıyev şəhid ailələri ilə görüşüb

18:27 23-06-2023 | icon 1662
AHİK sədri Səttar Möhbalıyev şəhid ailələri ilə görüşüb

İyunun 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK tərəfindən övladları himayəyə
götürülmuş şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşüb.

Tədbir Vətən uğurunda canından keçən oğul və qızlarımızın əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şəhid ailələrini salamlayan Səttar Möhbalıyev onları qarşıdan gələn müqəddəs
Qurban bayramı münasibətilə təbrik edib.

AHİK sədri Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin
mahir sərkərdəlik keyfiyyətlərindən və diplomatik bacarığından, əsgər və
zabitlərimizin şanlı döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan və yüksək
vətənpərvərlik ruhundan danışıb.

Vurğulayıb ki, hər il Qurban bayramında xalqımız Uca Yaradandan
torpaqlarımızın işğaldan azad olunmasını, məcburi köçkünlərin öz yurdlarına
qayıtmasını diləyir, bu arzularına qovuşmaları üçün Allah yolunda qurbanlar
niyyət edirdilər: “Xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
ətrafında bir yumruq kimi birləşərək işğal altında olan torpaqlarımızı azad etməklə
bu arzusunu reallaşdırdı. Qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının
qəbul olunduğunun göstəricisidir”.

Bildirib ki, Zəfər qazanmağımızda böyük pay sahibi həm də şəhidlərimizin,
qazilərimizin, veteranlarımızın valideynləri, ailə üzvləridir: “Təbii ki, müharibə
itkisiz ötüşmür, cəsur oğullarımızı itirdik. Amma buna baxmayaraq, şəhid anaları,

ataları, onların həyat yoldaşları, övladları başını dik tutdu, əsl vətənpərvərlik ruhu
nümayiş etdirdilər, Vətəni bütün dəyərlərdən ali hesab etdilər”.

Onun sözlərinə görə, istər şəhid ailələri, istərsə də qazilər və veteranlar hərtərəfli
dövlət qayğıları ilə əhatə olunublar: “Dövlətimiz hər zaman şəhid ailələrinin
yanında olub. Bu sahədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı
ilə seçilir. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin misli yoxdur.
Hər zaman Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond şəhid ailələrinə
hərtərəfli dəstək göstərir”.

Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri ölkəmizdə onlara göstərilən ali
münasibətdən və yüksək qayğıdan razılıqlarını bildiriblər. Qeyd ediblər ki,
dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyeva onlara xüsusi diqqət göstərir və hərtərəfli dəstək olurlar.

Sonda AHİK tərəfindən şəhid ailələrinin üzvlərinə Qurban bayramı ilə əlaqədar
sovqatlar verilib, maddi-mənəvi köməklik göstərilib.


Digər xəbərlər

0.22002792358398