Qaradağ rayonunda 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

21:20 24-06-2023 | icon 610
Qaradağ rayonunda 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

24 iyun 2023-cü il tarixdə Lökbatan qəsəbəsində  Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının” iştirakı ilə “26 iyun- Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirildi.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” və “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələr və prekursorların aktlaşdırılaraq məhv edilməsinə dair” komissiyalarının üzvləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Kamran Abdullayev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Qaradağ rayon prokurorunun müavini Pərviz Nərimanov, Rayon Polis İdarəsinin rəis müavini Yaşar İsayev, Qaradağ rayon icra şöbəsinin icra məmuru Qafil Qasımov, din xadimi Ağayev Gəray, orta məktəblərin psixoloqları, rayon ictimaiyyəti və gənclər iştirak edirdi.
   Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Kamran Abdullayev narkomanlığa qarşı mübarizəni gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  22 iyul 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2024-cü illər üçün Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə Aparatın nəzdində “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə rayon komissiyası”nın fəaliyyət göstərdiyini qeyd etdi. Yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini iştirakçıların nəzərinə çatdırdı.

   “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələr və prekursorların aktlaşdırılaraq məhv edilməsinə dair” Rayon Komissiyasının üzvü Elçin Abbasov 2023-cü ilin 6 ayı ərzində Dövlət Proqramının icrası ilə bağlı görülmüş işlər barədə məruzə etdi.

    Rayon polis idarəsinin və rayon prokururluğunun təmsilçiləri narkotiklərlə əlaqədar törədilmiş cinayət hadisələri, narkotik vasitələrin saxlanması, məhv olunaraq dövriyyədən çıxarılması barədə geniş məlumat verdilər.

   Tədbirdə çıxış edənlər maarifləndirmə tədbirlərinin gənclər üçün çox önəmli olduğunu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meylliliyinin qarşısının alınmasında əvəzsiz rol oynadığını söyləyərək müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər.

Tədbirin sonunda video-çarx nümayiş etdirildi və iştirakçılara narkotik vasitələrdən, psiхotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr paylandı.


Digər xəbərlər

0.23176598548889