Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər yeni dünya nizamı üçün önəmlidir”

15:24 06-07-2023 | icon 855
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər yeni dünya nizamı üçün önəmlidir”

“Ölkəmizdə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü
keçirildi və tədbir müzakirə edilən məsələlərin aktuallığı baxımından xeyli
əhəmiyyətlidir. Çünki dünya sürətlə dəyişir, gözlənilməz hadisələr baş verir. Belə
məqamda sülh və təhlükəsizliyin təhdid altında olması, tolerantlıq məsələləri
dünyanı ən çox narahat edən mövzulardandır ki, Azərbaycan Qoşulmama
Hərəkatının sədri olaraq bunları gündəmə gətirir, həlli yollarının tapılmasına
çalışır. Bu gün dünyada hər kəsin etiraf etdiyi kimi, Qoşulmama Hərəkatı
Azərbaycanın uğurlu sədrliyi sayəsində son üç ildə böyük inkişaf yolu keçib,
fəaliyyəti genişlənib, mühüm qlobal siyasi gücə və söz sahibinə çevrilib. Ötən üç
ilə nəzər salsaq, görərik ki, bu təsisat vasitəsilə Azərbaycan gördüyü işlər, irəli
sürdüyü təşəbbüslərlə dünyaya ədalət dərsi keçdi, məsələlərə obyektiv yanaşma
tərzini ortaya qoydu. Pandemiya dönəmində Azərbaycanın peyvənd millətçiliyinə
qarşı qətiyyətlə çıxış etməsi, pandemiya ilə mübarizə sahəsində ən qlobal
tədbirlərin təşəbbüskarı olması dediklərimizin bilavasitə təsdiqidir. Həmçinin
ölkəmiz bəşəri dəyərlərə söykənərək 80-dən çox ölkəyə koronavirusla bağlı
maliyyə və humanitar yardım göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına 10
milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verdi. Təbii ki, bunlar
görülən işlərin bir hissəsidir ki, Azərbaycanın Hərəkata sədr olaraq məsuliyyətini
və effektli rəhbərliyini göstərir. Və sübut edir ki, Azərbaycan həm ərazisinə, həm
də əhalisinin sayına görə, dünyada o qədər də böyük dövlət olmasa da, güclü
Liderinin müdrik rəhbərliyi ilə beynəlxalq nailiyyətlərə imza atmağa qadirdir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər
görüşündə dövlətimizin başçısı cənab İlham Əliyevin səsləndirdiyi fikirlər və irəli
sürdüyü təşəbbüslər daha çox dünyanın gələcəyinə hesablanıb: “Prezidentimiz
hazırda dünyada baş verən neqativ halları, beynəlxalq təşkilatların
fəaliyyətsizliyini cəsarətlə dilə gətirdi və həlli yolları ilə bağlı fikirlərini bölüşdü.
Xüsusilə BMT-də islahatların aparılmasının zəruriliyini qeyd etdi. Həmçinin
neokolonializm meyillərinin artması ilə bağlı narahatlığını ifadə edən cənab İlham
Əliyev bu çirkin siyasəti hələ də davam etdirən Fransanı əməllərindən çəkinməyə
çağırdı. Tarixdən məlumdur ki, Fransa ən qəddar müstəmləkəçi dövlət olub,
Afrikada soyqırımılar həyata keçirib. Onun bu gün də nümayiş etdirdiyi siyasət
insan haqlarına, demokratik dəyərlərə tamamilə ziddir. Hətta beynəlxalq hüququn
tələblərini pozaraq dövlətlərin daxili işlərinə qarışır, ədavət salır, separatizmi
meyillərinə dəstək verir. Çox da uzağa getməyək, elə bizim ərazimizdə yaşayan
erməni milli azlığının müdafiəçisi kimi özünü təqdim etməklə əslində qızışdırıcı
mövqedən çıxış edir, sülh prosesini əngəlləməyə çalışır. Hazırda Fransa, sözün əsl
mənasında, dağılır. İrqi ayrı-seçkiliyə, hakimiyyətin yarıtmaz siyasətinə qarşı xalq
etiraz edir. Polis zorakılığı da göz qabağındadır. İndi, görün, bu ölkənin insan
hüquqlarından danışmağa haqqı varmı!? Mütləq Fransa hakimiyyəti Qoşulmama
Hərəkatı sədrinin iradlarını nəzərə almalı, öz siyasətində dəyişikliklər etməli, insan
haqlarına hörmətlə yanaşmalıdır. Həmçinin bu ölkə digər keçmiş müstəmləkəçi
dövlətlərdən nümunə götürərək əziyyət verdiyi xalqlardan üzr istəməlidir”.

“Çıxışında Prezident İlham Əliyev islamofobiya və ksenofobiya hallarının
artmasına da toxundu və təbii ki, bu mövzu da dünyada son dərəcə aktualdır.
Bildiyimiz kimi, aparılan çirkin təbliğat nəticəsində İslam zorakılıq kontekstində
şərh edilir, terrora tay tutulur. Sözsüz ki, bu, dünyada sülh və təhlükəsizliyi təhdid
altında saxlayan həssas bir məqamdır. Buna görə də belə hallar kəskin şəkildə
pislənilməli və ona qarşı ciddi mübarizə aparılmalıdır. Dövlətimizin başçısı
həmçinin Ermənistanın uzun illər apardığı işğal siyasətini, onun acı nəticələrini,
Azərbaycanın düşmən üzərində parlaq Qələbəsini və yaranmış yeni reallıqları
iştirakçıların diqqətinə çatdırmaqla əsl həqiqətin nədən ibarət olduğunu bəyan etdi.
Məntiqli arqumentləri ilə bir daha sübut etdi ki, Azərbaycan sülh tərəfdarıdır,
münasibətlərin normallaşmasına çalışır. Amma Ermənistanın ziddiyyətli
davranışları hələ ki, bu prosesə mane olur”, - Milli Məclisin deputatı deyib.

AHİK sədri sonda əlavə edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına böyük
məsuliyyətlə sədrliyi, tədbirlərinə ali səviyyədə ev sahibliyi etməsi, qlobal
xarakterli aktual mövzuların gündəmə gətirilməsi və uğurlu nəticələrin əldə
olunması ölkəmizin dünyada nüfuzunu və rolunu artırır, beynəlxalq mövqelərini
möhkəmləndirir.


Digər xəbərlər

0.27957892417908