Son yarımildə Azərbaycanda ciddi nailiyyətlər əldə edilib

22:34 12-07-2023 | icon 897
Son yarımildə Azərbaycanda ciddi nailiyyətlər əldə edilib

Bu gün bütün dünyada bu və ya digər səbəblərdən iqtisadi geriləmə baş verdiyi halda Azərbaycan haqqında bu fikirləri səsləndirmək olmaz. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi islahatlar, həyata keçirilən layihələr, ölkəmizdə etibarlı investisiya mühitinin yaradılması, xarici siyasətdə çevik və balanslı siyasətin yürüdülməsi bizə imkan verir ki, inkişafımızda dinamizmi təmin edək, yeni-yeni uğurlar qazanaq.

Cari ilin 6 ayının yekunlarının müzakirəsində Prezident İlham Əliyev vurğulayıb ki, bu dövr səmərəli keçib. Cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.

 Maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb, bunun bir çox səbəbləri var. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək.

Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq. Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinəistiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir.

 Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır. Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İnflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. İlin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır.

       Bir sözlə, son 6 ayda Azərbaycanda ciddi iqtisadi nailiyyətlər əldə edilib.

 

Rahib Kərimov,   

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru


Digər xəbərlər

0.21319699287415