Səttar Möhbalıyev: “Şuşa Forumu dünya mediasının inkişafına əhəmiyyətli töhfələr verəcək”

14:29 24-07-2023 | icon 647
Səttar Möhbalıyev: “Şuşa Forumu dünya mediasının inkişafına əhəmiyyətli töhfələr verəcək”

“Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri növbəti dəfə mötəbər beynəlxalq
tədbirə - “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal
Media Forumuna evsahibliyi etdi və öz əzəmətini, kimliyini, mənliyini dünyaya
göstərdi. Fəxarətlə deyə bilərik ki, artıq Şuşa dünyada həm də beynəlxalq
tədbirlərin keçirildiyi, qlobal xarakterli müzakirələrin aparıldığı məkan kimi
tanınır. Foruma 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin
dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun
qatılması tədbirin əhəmiyyətinin və ona olan marağın təzahürüdür. Bu həm də
həqiqətin, reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımdan xeyli önəmli
hadisədir. Belə ki, işğaldan azad edilmiş Şərqi Zəngəzura və Qarabağa gələn xarici
media nümayəndələri uzun illər ermənilərin orada törətdiyi bütün vəhşilikləri,
dağıdılmış şəhərləri, kəndləri öz gözləri ilə görür, real vəziyyəti dəqiq və dürüst
şəkildə dünyaya çatırırlar. Bu da, sözsüz ki, ermənilərin və onun havadarlarının
bütün yalanlarını, bölgə ilə bağlı dezinformasiyalarını alt-üst edir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, dövlətimizin başçısı cənab İlham Əliyevin Forumun açılış
mərasimində iştirak etməsi, yerli və xarici jurnalistlərin suallarını cavablandırması
bir daha göstərdi ki, o, hər zaman mətbuata açıqdır, bu sahənin inkişafına hərtərəfli
dəstək olur: “Əbəs yerə deyil ki, bu gün Azərbaycan mətbuatı hərtərəfli inkişaf
edib, ölkəmizdə 5 mindən çox media subyekti fəaliyyət göstərir. KİV-lərə
birdəfəlik yardımların verilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində görülən işlər, həmçinin media mənsublarına fəxri
adların verilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə göstərilən

qayğının bir hissəsidir. Eləcə də jurnalistlərin mənzillə təmin olunması, qəzet və
jurnalların nəşriyyata olan borclarının silinməsi ölkəmizdə mətbuata olan dəstəyin
bariz nümunələridir”.
“Jurnalistlərin müxtəlif məzmunlu suallarına özünün dərin biliyi, geniş zəkası,
dəmir məntiqi və tutarlı arqumentləri ilə cavab verən Prezident İlham Əliyev istər
bölgədə, istər regionda, istərsə də dünyada baş verən prosesləri hərtərəfli şərh etdi,
Azərbaycanın dünyada yerini və rolunu göstərdi və əhəmiyyətini anlatdı. Sübut
etdi ki, ölkəmiz dünya üçün son dərəcə vacib ölkə və etibarlı tərəfdaşdır, həmçinin
sülh və sabitliyin tərəfdarıdır. Təbii ki, ölkəmiz bütün bu uğurlara Prezident İlham
Əliyevin müdrik rəhbərliyi sayəsində imza atıb. O, ölkəmizin dayanıqlı iqtisadi
inkişafını təmin etdi, səmərəli layihələr həyata keçirdi, Azərbaycanı regionun lider
dövlətinə çevirdi. Məhz onun rəhbərliyi ilə yenilməz Ordumuz 30 illik işğala son
qoyaraq xalqımızı məğlubiyyət girdabından qurtardı, ərazi bütövlüyümüz və
suverenliyimiz təmin olundu. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan
layihələrin önəmi bu gün daha aydın görünür və Avropanın üzləşdiyi enerji
böhranında xilaskar rolunu oynayır. Həmçinin Qoşulmama Hərəkatının sədri
olaraq cənab İlham Əliyevin gördüyü işlər, sərgilədiyi ədalətli mövqe beynəlxalq
ictimaiyyətin gözündə onu lider şəxsiyyətə çevirib. Odur ki, dövlətimizin başçısı
istənilən mövzulu regional və beynəlxalq təşkilatların tədbirlərinə dəvət olunur, rəy
və təklifləri alınır, əsasən dünyanın gələcəyi ilə bağlı çıxışları və irəli sürdüyü
təşəbbüsləri maraqla qarşılanır. Prezidentimizin Şuşa Qlobal Media Forumunda
iştirakı da dünya mediasının diqqət mərkəzindədir, çıxışının əsas məqamları ilə
bağlı yazılar dərc olunur, qiymətli fikirləri təhlil edilir”, - Milli Məclisin deputatı
deyib.
AHİK sədri əlavə edib ki, Şuşa Qlobal Media Forumunda rəqəmsal dövrdə
jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir
informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və
digər məsələlərlə bağlı aparılan müzakirələr, irəli sürülən təkliflər və gəlinən
qənaət dünya mediasının inkişafına mühüm töhfələr verəcək.


Digər xəbərlər

0.26873207092285