Multikulturalizmin Azərbaycan modeli

11:02 27-07-2023 | icon 728
Multikulturalizmin Azərbaycan modeli

Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyət hüququnu
tanıyan humanist dünyagöruşu olan siyasət və bir çox fərqli mədəniyyətin bir arada yaşadığı
cəmiyyətdir. Multikulturalizm bir humanist siyasət kimi tolerantlıqla sıx bağlıdır. Tolerant
cəmiyyətdə multikulturalizm müxtəlif mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə,
xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur. Azərbaycanda multikulturalizmin
müasir vəziyyəti dünyanın bir çox inkişaf etmiş ölkələrindən üstündür. Bu, Azərbaycan xalqının
milli mentalitetindən irəli gələn adət-ənənələri, qonaqpərvərliyi, dini dözümlülüyü, tolerantlığı
kimi dəyərlərlə xarakterizə olunur.
Müasir Azərbaycanda multikulturalizmin bir siyasət kimi əsası Ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuşdur. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ölkəmizdə
yaşayan milli azlıqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə həmişə diqqətlə yanaşmış və
qayğı göstərmişdir. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə komissiya tərəfindən layihəsi
hazırlanmış və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul olunmuş Azərbaycan
Respublikası Konstitusiyasının 21-ci maddəsinin II-ci hissəsinə uyğun olaraq dövlət əhalinin
danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Konstitusiyanın 25-ci
maddəsində bərabərlik hüququ, 45-ci maddəsində isə hər kəsin ana dilindən istifadə hüququ
təsbit olunmuşdur. Bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz ana
dillərində sərbəst danışır, bir çox ali və orta məktəblərdə təhsil alır, onların adət-ənənələrinə
hörmətlə yanaşılır. Azərbaycanda milli azlıqların kütləvi informasiya vasitələri, öz ana dillərində
qəzet və kitab vəsaitləri nəşr edilir, televiziya və radio verilişləri hazırlanır. Ümummilli lider
Heydər Əliyev respublikamızda multikulturalizm siyasətini uğurla həyata keçirmiş və ölkəmizi
dünya miqyasında multikulturalizm ölkəsi kimi tanıtmışdır.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi "Hər bir xalqın milli mənsubiyyəti
onun qurur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" ifadəsi hər bir ləyaqətli ölkə
vətəndaşının həyat düsturuna çevrilib. Əsası ulu öndər tərəfindən qoyulmuş Azərbaycan
xalqının multikultural adət-ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hal-
hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərafindən inamla davam
və inkişaf etdirilir. Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas
amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın, Şərqlə Qərbin
qovşağında yerləşməsidir. Azərbaycan iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla
dünyada öz nüfuzunu gücləndirməkdədir. Azərbaycanda tolerantlıq muhiti ən yüksək
səviyyədə olduğu uçun burada multikulturalizm, millətlər və dillər arasında olan münasibətlərə,
dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, o cümlədən, dünyanın müxtəlif
ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi 
"Qloballaşma, din, ənənəvi dəyərlər" mövzusunda tədbir 2010-cu ilin aprel ayında məhz Bakı
şəhərində keçrilmişdir.
2011-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü
ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar
UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub
Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. 26 noyabr
2015-ci ildə Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransının Xll

sessiyasında çıxış edən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev demişdir: "Biz tam
əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə bəzi siyasətçilər, ictimai xadimlər öz
çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur.Alternativ
ayri-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu gələcəyə aparan yol
sayıla bilməz. Ona görə, biz öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin
gücləndirilməsi üçün çalışırıq və çalışacağıq".
Ölkəmizdə multikulturalizm Azərbaycançılıq məfkurəsinə sıx bağlıdır.   Ulu Öndər
tərəfindən əsası qoyulmuş Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni,
dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm
mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət
müşavirliyi təsis edilmiş, dövlət başçısının 15 may 2014-cü il tarixli Sərəncamı ilə Baki
Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış,11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-
cı il "Multikulturalizm ili" elan edilmişdir. 
Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlıgın,
multikulturalizmin, milli mənəvi dəyərlərin təbliğ edilməsində Heydər Əliyev Fondunun rəhbəri,
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzolunmaz
xidmətləri vardır. Heydər Əliyev Fondunun təşkilatçılıgı ilə həyata keçirilən "Azərbaycan
Parisin ürəyində" adlı layihə çərçivəsində 2015-ci il sentyabrın 8-də Parisdə "Dini tolerantlıq:
Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda konfrans keçirilmiş və "Parisin
ürəyində Azərbaycan musiqisi" adlı konsert təşkil olunmuşdur.
2014-cu il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının
Vll Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən 2016-cı il,
aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal
Forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri,
çoxsaylı beynəlxalq təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak
etmişdilər. Eləcə də 2019-cu ilin may ayının 1-3-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilmiş, həmin forumda dünyanın 135-dən çox ölkəsindən nümayəndə
heyətləri, çoxsaylı beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
BMT-nin Sivilizasiyalar Alyansının Vll-ci Qlobal Formunun 2016-cı il aprelin 25-27-də və
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildən bir Azərbaycanda keçirilməsi
ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada
geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. Bu gün artıq
ölkəmiz dünyaya multikulturalizmin Azərbaycan modelini təqdim edir ki, möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi "Multikulturalizmin alternativi yoxdur".

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı
Əsmər Əliyeva


Digər xəbərlər

0.23733997344971