Otuz illik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir

11:25 04-08-2023 | icon 608
Otuz illik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir

  XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

  Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

  Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən, Ermənistan Respublikasının Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verilmişdir.

  Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandığı, ölkənin, əhalinin və ərazinin, eləcə də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazır vəziyyətə gətirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir. İlk gündən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir. Bu məqsədlə, 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərman imzalanmışdır. Fərmandan irəli gələrək Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılmışdır. Müvəqqəti komendantlıqların nəzdində də müvafiq dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılmış, vəzifələri müəyyən edilmişdir. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar. Belə ki, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur. Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Telman Ağayev 
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru


Digər xəbərlər

0.22731995582581