AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmazda yerləşən istirahət mərkəzlərində olub

19:13 11-08-2023 | icon 674
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmazda yerləşən istirahət mərkəzlərində olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev növbəti dəfə həmkarlar ittifaqlarının Xaçmaz
rayonunun Nabran qəsəbəsində yerləşən istirahət mərkəzlərinə baş çəkib.

Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının “Xəzər” İstirahət
Mərkəzinə gələn S.Möhbalıyev burada istirahət edənlərin qaldığı korpus otaqlarını
və kottecləri gəzib, onların dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış
olub, yeməkxanaya və mətbəxə baxış keçirib, ərazini gəzib, yeni tikilmiş kotteclərə
baxıb. AHİK sədri həmçinin mərkəzdə istirahət edən insanlarla söhbətləşib,
istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib.

“Şahdağ” İstirahət Mərkəzində olarkən AHİK sədri istirahət üçün yaradılmış
şəraitlə tanış olub, mərkəzin ərazisini gəzib, yeməkxanaya və mətbəxə baxış
keçirib. İstirahət edənlər Səttar Möhbalıyevlə söhbət zamanı yaradılmış şəraitdən
razı qaldıqlarını bildiriblər.

Növbəti baxış Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar
İttifaqının “Ülfət” İstirahət Mərkəzində keçirilib. 2010-cu ildə inşa olunan
istirahət mərkəzində kotteclər və istirahət korpusları, idman meydançaları, hovuz,
geniş park qonaqların istifadəsindədir. Həmçinin burada bu ildən etibarən 30 yerlik
yeni yaşayış korpusu istifadəyə verilib. Mərkəzdə eyni vaxtda 98 nəfər, mövsüm
ərzində isə 1000 nəfərdən artıq insanın istirahət etməsi üçün hər cür şərait var.
AHİK sədri mərkəzin ərazisində salınmış meyvə bağına da baxıb. Bildirilib ki,
bağda iqlimə xarakterik olan hər cür meyvə ağacları, o cümlədən alma, armud,
şaftalı, albalı, gilas, badam və s. ağaclar əkilib və istirahət edənlər sərbəst şəkildə
meyvələrdən dadırlar.

Baxış zamanı AHİK sədri dəmiryolçuların “Lokomotiv” İstirahət Mərkəzi ilə də
tanış olub. Bildirilib ki, burada ziyarətçilərin normal istirahəti üçün hər şərait
mövcuddur. AHİK sədri kotteclərə baxıb, mərkəzin ərazisini gəzib, dincələnlərlə
söhbətləşib.

Ardınca AHİK sədri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının “Təhsil” İstirahət Mərkəzinə gəlib. 2013-cü ildə istifadəyə verilən
istirahət kompleksi 10 hektardan artıq ərazini əhatə edir. Buraya iki üçmərtəbəli
yaşayış korpusları, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol
meydançaları, açıq və qapalı hovuzlar, ilkin tibbi yardım otağı, internet-klub,
konfrans zalı və digər obyektlər daxildir. Mərkəzdə eyni vaxtda 570-dən artıq şəxs
istirahət edir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin
ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı
istirahət üçün əlverişli məkana çevirir. İstirahət mərkəzinə baxış keçirən AHİK
sədri burada yaradılmış şəraitlə tanış olub, texniki təhlükəsizlik qaydalarına və
təmizliyə ciddi əməl olunmasını tapşırıb. Səttar Möhbalıyev həmçinin bu il
istifadəyə verilən 220 yerlik yaşayış korpusuna da baxış keçirib.

Jurnalistlərə müsahibəsində AHİK sədri bildirib ki, ölkə vətəndaşlarının
sağlamlıqlarının qorunması, istirahətinin mənalı təşkili dövlətimizin başçısı cənab
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət
mərkəzindədir: “Bu məqsədlə ölkədə ildən-ilə sağlamlıq və istirahət mərkəzlərinin
sayı artırılır, dövlətimiz tərəfindən insanların rahat şəkildə istirahət etməsi üçün hər
cür şərait yaradılır. Bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
və onun üzv təşkilatları üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə
çalışırlar. Belə ki, ittifaq üzvlərinin istirahəti, əmək qabiliyyətinin bərpası,
sağlamlığının qorunması və möhkəmləndirilməsi, məzuniyyət dövrünün daha
səmərəli və mənalı təşkili üçün əlimizdən gələn hər şeyi edirik. Bu gün ölkəmizin
səfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri,
sağlamlıq düşərgələri fəaliyyət göstərir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır”.

“Biz istirahət mərkəzlərindəki şərait, obyektlərin necə saxlanılması, texniki
təhlükəsizlik qaydalarına riayət, xidmət səviyyəsi ilə daim maraqlanırıq. Mən,
demək olar ki, hər il istirahət mərkəzlərinə, sanatoriyalara baş çəkirəm. Biz
istəyirik ki, gələn qonaqlar buradan xoş təəssüratlarla ayrılsınlar, onlar üçün
yaradılmış şəraitdən məmnun qalsınlar. Həmçinin qeyd edim ki, həmkarlar
ittifaqlarının istirahət mərkəzlərində yüzlərlə vətəndaşımız daimi və mövsümü
işlərlə təmin olunub”, - deyə AHİK sədri vurğulayıb.


Digər xəbərlər

0.22839498519897