Bakıda ilk dəfə “RIZIN” beynəlxalq turniri keçiriləcək

12:50 14-09-2023 | icon 848
Bakıda ilk dəfə “RIZIN” beynəlxalq turniri keçiriləcək

Yaponiyanın dünyaca məşhur qarışıq döyüş sənəti (MMA) təşkilatı RİZİN-in “Landmark 7” beynəlxalq turnirinə paytaxtımız ilk dəfə ev sahibliyi edəcək.

Turnir noyabrın 4-də, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və RİZİN Döyüş Federasiyasının təşkilatçılığı ilə keçiriləcək. Tədbirin rəsmi promouteri isə Bakı Şəhər Halqası Əməliyyat Şirkətidir. “Nar” və “Silk Way West Airlines”ın rəsmi tərəfdaşlığı ilə keçirilən turnir Milli Gimnastika Arenasında baş tutacaq.

“RİZİN” müxtəlif döyüş üslublarını özündə birləşdirən və bir çox ölkələri təmsil edən döyüşçüləri bir araya gətirərək dinamik qarşılaşmalara ev sahibliyi edir. Qlobal izləyici kütləsi on milyonu ötən “RIZIN” qarşılaşmaları özünəməxsusluğu ilə seçilir. Belə ki, azarkeşlər tək döyüş deyil, açılış və bağlanış mərasimləri ilə birlikdə möhtəşəm şouya şahidlik edirlər.  

 “RIZIN döyüşünün Bakıda keçirilməsi bizim üçün tarixi bir məqamdır. Məlumdur ki, turnir ilk dəfədir Yaponiyadan kənarda keçirilir və onun bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edən paytaxt Bakıda keçirilməsinə çox şadıq. Tədbirin ərsəyə gəlməsində bizə dəstək olan təşkilatçılara – Gənclər və İdman Nazirliyinə və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə xüsusi təşəkkürümü bildirirəm. Əminəm ki, azərbaycanlı idmançıların qatıldığı turnirin öz vətənlərində keçirilməsi yerli azarkeşləri xüsusilə sevindirəcək. Burada olmaqdan çox məmnunuq və RİZİN həvəskarlarına unudulmaz təcrübə vəd edirik.” – deyə  konfrans zamanı RİZİN Döyüş Federasiyasının təsisçisi və baş icraçı direktoru Nobuyuki Sakakibara bildirib.

Cənab Sakakibara tədbir zamanı yerli döyüşçülərimizin adlarını və onların rəqiblərini də açıqlayıb. Belə ki, Bakıda keçiriləcək turnirdə MMA döyüşçümüz, RIZIN kəmərinin sahibi Vüqar Kərəmov yaponiyalı “Black Super” yüngül çəki çempionu Çihiro Suzuki ilə, Tofiq Musayev isə yaponiyalı Koji Takeda ilə üzləşəcək. Həmyerlimiz Nəriman Abbasov rusiyalı rəqibi Ali Abdulxalikov ilə, Mehman Məmmədov isə ABŞ-dan rəqibi Castin Skoqqins ilə qarşılaşacaq. Digər həmyerlimiz Tural Ragimov isə koreyalı Kyong Pyo Kim ilə mübarizə aparacaq.

Ənənəvi olaraq, tədbir zamanı döyüşçümüz Vüqar Kərəmov ilk dəfə öz rəqibi Çihiro Suzuki ilə üzləşdirilib. Üzləşmədən əvvəl V.Kərəmov “İstəsən döyüşdən sonra qələbə kəmərimlə şəkil çəkdirə bilərsən ”- deyə rəqibinə meydan oxuyub. Əlavə edək ki, hazırki RIZIN kəmərinin sahibi Kərəmov titulunu qorumaq uğrunda  Ç.Suzuki ilə mübarizə aparacaq.

Bundan başqa, konfransda turnirin bilet satışına start verildiyi elan olunub. Həyəcan dolu tədbirə qatılmaq istəyənlər biletləri “iTicket” platforması (bilet üçün klikləyin) vasitəsilə onlayn və ya platformanın şəhərimizdəki kassalarından əldə edə bilərlər. Qeyd edək ki, biletlərin qiyməti 50-350 AZN arasında dəyişir.

Tədbir zamanı qarşılaşmaya ilk bileti əldə edən yaponiyalı azarkeşin olması açıqlanıb.

Mətbuat konfransının sonunda isə azarkeşlər döyüşçülər canlı ünsiyyət və avtoqraf almaq fürsəti əldə ediblər.

İdman həvəskarları daha ətraflı məlumat və qarşılaşma barədə yenilikləri tədbirin rəsmi “Instagram” səhifəsindən izləyə bilərlər:

https://www.instagram.com/rizin_azerbaijan/


Digər xəbərlər

0.26694512367249