Azərbaycanın haqlı təklifləri

14:32 22-09-2023 | icon 936
Azərbaycanın haqlı təklifləri

      Sentyabrın 19-u 13:00-da başlayan və sentyabrın 20-də eyni vaxtda bitən lokal antiterror tədbirinin nəticəsində Ermənistan ordusunun qalıqları ölkəmizdən çıxır, erməni terrorçular silahlarını təhvil verir. Sentyabrın 20-də axşam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, əməliyyatın bütün məqsədlərinə nail olunub və Bakı Qarabağ üzərində suverenliyi bərpa edib. Azərbaycan tərəfi təkid edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələri və Qarabağ ərazisindəki qanunsuz erməni silahlı birləşmələri silahlarını təhvil versinlər, həmçinin mövqelərini tərk etsinlər. İkincisi, Ermənistan Respublikasının silahlı qüvvələri Qarabağ ərazisini tərk etsinlər.

        Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.

      Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır. 

     Azərbaycanın fikrincə, bütün danışıqlar onun ərazisində aparılmalıdır, çünki 2020-ci ildə Qarabağ uğrunda müharibə qalib gəldikdən sonra Azərbaycan hakimiyyəti Qarabağ problemini, o cümlədən Qarabağ ermənilərinin regionda məskunlaşması ilə bağlı bütün məsələləri özünün daxili məsələsi hesab edir. "Biz buna dəqiq silahlardan istifadə etməklə nail olduq, eyni zamanda, mülki əhali silahlı qüvvələrimizin peşəkarlığı sayəsində özünü tam qorunmuş hiss etdi. Eyni zamanda, mülki infrastruktura hər hansı hücumların həyata keçirilməməsi, yalnız hərbi infrastrukturun sıradan çıxarılması barədə göstərişlər verilib", - deyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib.

      Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, imkan versinlər Cənubi Qafqaz rahat nəfəs alsın.

      Əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlməlidir. Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar.

 

Rüstəm Rüstəmov Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Seyidbazar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.21680498123169