AHİK-in VI Məclisi keçirilib

19:20 28-09-2023 | icon 567
AHİK-in VI Məclisi keçirilib

Sentyabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VI
Məclisi keçirilib.
Öncə Məclis iştirakçıları Vətən uğrunda canından keçən şəhidlərimizin əziz
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məclisin gündəliyinə “Azərbaycan Respublikasının Layiqli Əmək üzrə Ölkə
Proqramı və həmkarlar ittifaqlarının rolu”, həmçinin təşkilati və cari məsələlər
daxil edilib.
Gündəliyə çıxarılan məsələlərin geniş müzakirəsi aparılıb, qərarlar qəbul olunub.
Müvafiq qərarla Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Musa Mirzəyev və Naxçıvan Muxtar
Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev AHİK
sədrinin müavinləri seçiliblər.
Məclisdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin “Azərbaycan
Respublikasının Layiqli Əmək üzrə Ölkə Proqramı və həmkarlar ittifaqlarının
rolu” mövzusunda məruzəsi dinlənilib.
AHİK sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
aparılan sosial-iqtisadi islahatlar əhalinin rifahının yaxşılaşdırılması üçün etibarlı
təməl yaradıb: “Son beş ildə ölkəmizdə orta aylıq əməkhaqqı 1,7 dəfə artaraq
2018-ci ildəki 544,6 manatdan 2023-cü ilin birinci yarısında 921,9 manata, aylıq
minimum əməkhaqqı isə 130 manatdan 345 manata yüksəlib, yəni 2,7 dəfə artıb.
2022-ci ildə əsas makroiqtisadi göstərici olan ÜDM əvvəlki illə müqayisədə 4,6
faiz çoxalıb. Həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi hüquqlarının müdafiəsi
bizim üçün hər zaman gündəmdə olan vacib məsələdir. Bağladığımız son Baş
Kollektiv Sazişdə 2023-2025-ci illərdə layiqli iş yerlərinin yaradılması, layiqli
əməkhaqqı, gənclərin məşğulluğu, gender bərabərliyinin təmin olunması və s.
məsələlərə xüsusi diqqət yetirilib”.

“Biz Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlığa xüsusi diqqət yetiririk.
Azərbaycan BƏT-nin 59 konvensiyasına qoşulub. Hazırda BƏT və AHİK-in
iştirakı ilə 2024-2028 illəri əhatə edən yeni Proqramın hazırlanması üzərində
yekun işləri aparılır. AHİK həmçinin məşğulluq məsələlərinə xüsusilə diqqət
yetirir. Özünəməşğulluğa kömək məqsədilə Məşğulluq Agentliyinə 2021-2023-ci
illər ərzində 600 min manat vəsait köçürülüb. Nəticədə 2022-ci ildə 16 mindən
çox işsiz özünəməşğul proqramlarına cəlb olunub. BƏT-nin dəstəyi ilə ölkəmizdə
İqtisadi və Sosial Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılıb. Komissiyanın
fəaliyyəti nəticəsində əmək qanunvericiliyində dəyişikliklər edilib, hüquqi bazanın
müvafiq beynəlxalq standart və normalara uyğunlaşdırılması sahəsində vacib
addımlar atılıb”, - Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, “Azərbaycanın 2024-2028 ci illər üçün Layiqli Əmək üzrə
Ölkə Proqramı” layihəsində AHİK-in çoxsaylı təkliflərinin əksəriyyəti nəzərə
alınıb: “Həmin təkliflər BƏT-nin dəstəyi ilə keçirilən konfranslarda, seminarlarda
müzakirə obyekti olub, beynəlxalq ekspertlər tərəfindən müsbət qarşılanıb. Ölkə
Proqramını nəzərdən keçirərkən hesab edirik ki, layiqli əmək Azərbaycanın
iqtisadi və sosial siyasətinin əsas məqsədlərindən biri olmalıdır. BƏT-nin
mandatına və müqayisəli üstünlük sahələrinə uyğun sektorlarda mövcud vəziyyət
nəzərə alınaraq, inklüziv artım üçün layiqli əmək imkanlarının və keyfiyyətli iş
yerlərinin təşviqi, sosial müdafiənin və iş şəraitinin təkmilləşdirilməsi, əməyin
idarə edilməsinin və sosial dialoq mexanizmlərinin gücləndirilməsi üçün müvafiq
addımlar atılmalıdır”.
Konfederasiya sədri vurğulayıb ki, ölkə Proqramının layihəsində xəstəlik, analığın
mühafizəsi və işsizlikdən sığorta ödənişlərinin BƏT-nin 102 saylı Konvensiyasının
müddəalarına uyğunlaşdırılması üçün səylər vardır: “Hesab edirik ki, bu sahədə
qeyri-formal məşğulluğun monitorinqi üzrə işlər davam etdirilməli, bu statusda
işləyənlərin fəaliyyətinin leqallaşdırılması üçün stimullaşdırıcı mexanizmlər yaradılmalıdır. Proqram qəbul edildikdən sonra onun həyata keçirilməsində həmkarlar ittifaqlarının öhdəlikləri yaranacaq. Bizim əməkdaşlar işçilər arasında
əmək hüquqlarına dair maarifləndirmə işlərinin aparmasına diqqət yetirməlidirlər.
Kiçik və orta sahibkarlıq müəssisələrində və qeyri-formal iqtisadiyyatda məşğul
olan həssas qruplarının, ilk növbədə isə qadınların, şəhid ailələrinin, qazilərin,
Vətən müharibəsi veteranlarının, gənclərin sosial müdafiəsinin təşkili məsələlərinə
də xüsusi önəm verməlidirlər”.
Səttar Möhbalıyev əlavə edib ki, həmkarlar ittifaqları qarşılıqlı əlaqələrin
gücləndirilməsinə üstünlük verilməli, kiçik və orta sahibkarlıq subyektlərində
həmkarlar ittifaqlarının yaradılmasına diqqət artırılmalıdır: “Sosial dialoqun və
kollektiv sazişlərin təşviqinə və hazırlanmasına, gender bərabərliyinin təmin
olunmasına və ayrı-seçkiliyin qarşısının alınması sahəsində sosial partnyorlarla
qarşılıqlı əməkdaşlıq da gücləndirilməlidir. BƏT-nin 204 saylı “Qeyri-rəsmi
İqtisadiyyatdan Rəsmi İqtisadiyyata Keçid” tövsiyəsi təbliğ olunmalı və bu sahədə
BƏT ilə əməkdaşlıq davam etdirilməlidir. AHİK “Azərbaycan Respublikasınınn
2024-2028-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın layihəsinin
hazırlanmasında olduğu kimi, qəbul edildikdən sonra həyata keçirilməsində də fəal
rol oynayacaq”.
Məclisdə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri Cahangir Əliyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Dövlət
İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədr müavini Əbülfəz Mehdiyev və digərləri mövzu üzrə çıxışlar ediblər.
Sonda AHİK sədri həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlərin dərindən
araşdırılması, qaldırılan bütün problemlərin qanunvericiliyə uyğun olaraq, vaxtında
həll edilməsi ilə bağlı bir sıra göstərişlər verib.

Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə
həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın
müqəddəs borcu olduğunu vurğulayıb.


Digər xəbərlər

0.25426697731018