Səttar Möhbalıyev: “Uzun illər işğala rəvac verən ölkələr Azərbaycanın gücünə və iradəsinə bələd oldular”

18:10 02-10-2023 | icon 470
Səttar Möhbalıyev: “Uzun illər işğala rəvac verən ölkələr Azərbaycanın gücünə və iradəsinə bələd oldular”

“Xalqımız çox ağır sınaqlardan keçib, ağrılı-acılı günlər yaşayıb, amma bütün
çətinliklər qarşısında mətin dayanıb, heç zaman ümidini itirməyib. Xatırlayanlar
bilir, ötən əsrin 90-cı illərinin əvvəlləri xalqımızın taleyində ağır dönəmlər idi.
Həmin günləri biz öz həyatımızda yaşamışıq, bir yandan torpaqlarımız işğal
olunur, insanlarımız məcburi şəkildə yurdlarından çıxarılır, sosial-iqtisadi gərgin
vəziyyət son həddə çatmışdı. Özbaşınalıq, xaos hər tərəfi bürümüşdü. Xalqımızın
belə acınacaqlı vəziyyətdə özünü itirmədi, həmrəyliyini qorudu və Ulu Öndər
Heydər Əliyevi hakimiyyətə gətirərək əminliklə öz taleyini ona tapşırdı. Ən əsası
isə Heydər Əliyevin ətrafında sıx birləşərək onun bütün fəaliyyətinə ürəkdən
dəstək verdi, qərarlarına hörmətlə və inamla yanaşdı”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.
“Bu gün isə ortada tam müstəqil, suveren, öz torpaqlarının sahibi, regionun lideri
və dünyada böyük söz sahibi olan Azərbaycan var. Xalqımız şanlı və şərəfli
tarixinin ən parlaq inkişaf dövrünü yaşayır. Ulu Öndərin bütün sahələrdə başlatdığı
çətin və müqəddəs yolu ləyaqətlə, böyük məsuliyyətlə davam etdirən cənab İlham
Əliyev xalqımızın ən ümdə arzularını, Heydər Əliyevin ata vəsiyyətini reallaşdırdı.
Ali Baş Komandan olaraq bilavasitə özünün formalaşdırdığı Ordusu, yetişdirdiyi
əsgər və zabitləri ilə işğalçı ordunu məhv etdi, Xocalının, Başlıbelinin, Ağdabanın
qisasını aldı, düşmənin və onun havadarlarının təcavüzkar niyyətlərini elə öz
gözlərində dəfn etdi. Bütün dünyaya xalqımızın iradəsini, dövlətimizin qüdrətini
göstərdi. Bu hadisədən sonra beynəlxalq ictimaiyyət gözlərini daha geniş açıb
Azərbaycanı yaxından tanımağa başladı. Danışıqlar masasında səriştəli diplomat
olan cənab İlham Əliyev Vətən müharibəsində yenilməz sərkərdə ruhunu ortaya qoydu. Və dünyaya göstərdi ki, beynəlxalq hüquq işləməyəndə dəmir yumruq işə düşür. Sübut etdi ki, hazırkı dünyada güc əsas faktordur, beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar kağız üzərində qalır, ikili standartların qurbanına çevrilir”, -
Milli Məclisin deputatı bildirib.

AHİK sədri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev xalqına verdiyi
daha bir vədi – “Şərqi Zəngəzuru və Qarabağı cənnətə çevirəcəyik” sözlərini
uğurla reallaşdırır: “Bu gün həmin ərazilərdə görülən işlər, çəkilən yollar, yaradılan
infrastruktur, tikilən yaşayış binaları, sosial obyektlər, salınan xiyabanlar göz
oxşayır. Bu, bir yandan ölkəmizin iqtisadi gücünü, geniş maliyyə imkanlarını
göstərməklə yanaşı, həm də cənab İlham Əliyevin yaradıcı, qurucu keyfiyyətlərini
nümayiş etdirir. Cocuq Mərcanlıdan start götürən Böyük Qayıdış Proqramının
icrası bu gün Zəngilanda, Laçında, Talış kəndində və digər ərazilərdə uğurla davam
etdirilir. Sakinlər böyük şövqlə öz ata-baba yurduna yol alır, orada yaşayıb
yaratmağa tələsir. Bu mənzərəni seyr etmək harada yaşamasından asılı olmayaraq
bütün soydaşlarımızın müqəddəs arzusu idi ki, artıq çin olub”.
“Prezident İlham Əliyev Şərqi Zəngəzurda və Qarabağda sistemli və sürətli şəkildə
aparılan tikinti-quruculuq işlərinə özü şəxsən nəzarət edir, bölgəyə mütəmadi
səfərlər edərək görülən işlərlə yerində tanış olur. Dövlətimizin başçısının Zəngilan
və Cəbrayıl rayonlarına son səfəri də bu məqsədi daşıyırdı. Cənab İlham Əliyev
hər iki rayonda yaşayış komplekslərinin, yenidən salınan kəndlərin, sosial
obyektlərin təməlini qoydu, açılış mərasimlərində iştirak etdi. Bütün bunlar
görülən işlərin miqyasını, keyfiyyətini və bölgənin parlaq gələcəyini göstərir.
Prezident İlham Əliyev Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun
açılışında yeni bir müjdəni verdi, 2025-ci ildə, hətta bir az da tez bir müddətə
Zəngilan şəhərinin sakinləri öz yurdlarına qayıdacaqlar. Görülən işlərin miqyası və
əhəmiyyəti bizi bir daha əmin edir ki, Zəngilan əvvəlki vəziyyətindən də daha gözəl görkəm alacaq, sakinlərin rahat və xoşbəxt yaşaması üçün hər cür şərait yaradılacaq və turistlər üçün də əlverişli olacaq”, - Səttar Möhbalıyev vurğulayıb.
“Dövlətimizin başçısı çıxışında bəyan etdi ki, ölkəmizə qarşı qəbuledilməz planlar
cızan tərəflər bizim səbrimizlə oynamasınlar. Mütləq ikibaşlı oyunlar oynayan,
Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutan, işğala və təcavüzə rəvac verən
dövlətlər qulaqlarını açıb bu fikri yaxşı dinləsinlər. Anlasınlar ki, məkrli planlarını
Azərbaycana qarşı həyata keçirə bilməyəcəklər, necə ki, ötən illərin təcrübəsi bunu
sübut edir. Onların qarşısında qüdrətli Azərbaycan dövləti və onun güclü və
qətiyyətli lideri var. Odur ki, boş yerə vaxt xərcləmək və regionun lider dövlətini
itirmək onlar üçün daha acınacaqlıdır”, - AHİK sədri əlavə edib.


Digər xəbərlər

0.20163798332214