Səttar Möhbalıyev: “Beynəlxalq Astronavtika Konqresinin Bakıda təşkili ölkəmizdə kosmik sahənin inkişafına yeni təkan verəcək”

14:15 03-10-2023 | icon 598
Səttar Möhbalıyev: “Beynəlxalq Astronavtika Konqresinin Bakıda təşkili ölkəmizdə kosmik sahənin inkişafına yeni təkan verəcək”

“Azərbaycan artıq xeyli müddətdir dünyada siyasi, iqtisadi və digər mövzularda
qlobal tədbirlərin keçirildiyi mərkəz rolunu yerinə yetirir. Ölkəmiz onlarla
beynəlxalq sammitə, qlobal xarakterli layihələrin müzakirə olunduğu toplantılara,
böyük idman yarışlarına ən ali səviyyədə evsahibliyi etməyi bacarıb. Bu sahədə
geniş təcrübə qazanan Azərbaycan beynəlxalq təşkilatlar və aparıcı dövlətlər
tərəfindən nümunə göstərilir, təşkilatçılığı yüksək qiymətləndirilir. Təbii ki, belə
tədbirlərin harada keçiriləcəyi təsadüfi seçim əsasında aparılmır. Təşkilatçılar
tədbirin yeri barədə müzakirələr və təhlillər aparır, həmin ölkənin potensialı və
təcrübəsi dəyərləndirilir və yekun qərar verilir. Bu, onu göstərir ki, Azərbaycandakı
siyasi sabitlik, bütün sahələri əhatə edən davamlı inkişaf, həmçinin beynəlxalq
miqyasda qazanılan nüfuz ölkəmizdə bu cür mötəbər tədbirlərin keçirilməsinə
imkan verir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Azərbaycan hazırda daha bir qlobal tədbirə - 74-cü Beynəlxalq Astronavtika
Konqresinə evsahibliyi etməklə dünyanın diqqət mərkəzindədir. Tədbirə 100-dən
artıq ölkədən 5000-dən çox nümayəndə gəlib. Bu, Konqresin əhəmiyyətini və
dünyada bu sahəyə olan marağın miqyasını göstərir. Təbii ki, müxtəlif ölkədən bu
qədər qonağın Azərbaycana gəlməsi ölkəmizin dünyada daha yaxından
tanınmasına, təbliğinə, turizmin inkişafına şərait yaradacaq. Həmçinin kosmik
sahədə yeni-yeni nailiyyətlərin qazanılmasında, müasir texnologiyaların tətbiqində
və inkişafında ölkəmiz üçün rolu böyükdür. Mən hesab edirəm ki, tədbirin Bakıda
təşkil olunması həm də gənclərimizin kosmik sahəyə marağının artmasına, onların

bu istiqamətdə maariflənməsinə hərtərəfli kömək edəcək. Məlumdur ki,
Azərbaycan 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə
“Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2”
telekommunikasiya peykini orbitə çıxarmaqla dünya kosmos ailəsinin üzvünə
çevrilib. Bu, ölkəmizin iqtisadi qüdrətinin və yeni texnologiyalar sahəsində əldə
olunan uğurlarının davamı kimi, milli təhlükəsizliyimizə, sosial-iqtisadi inkişafa
böyük töhfələr verir, bu sahədə elmi tədqiqatların aparılmasına şərait yaradır”, -
AHİK sədri bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində
çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin bütün istiqamətlərdə
əldə etdiyi nailiyyətlərdən, siyasi-iqtisadi qüdrətindən, dünyada sülh və
təhlükəsizliyə göstərdiyi dəstəkdən, həmçinin kosmik sahənin inkişafına verdiyi
töhfələrdən danışaraq ölkəmizin qlobala əhəmiyyətini iştirakçıların diqqətinə
çatdırdı: “Həqiqətən də, bu gün Azərbaycanın dünya üçün nə qədər vacib ölkə
olduğu göz qabağındadır. Çox da uzağa getməyək, ölkəmizin enerji siyasətinə
nəzər salaq. Artıq bu siyasət ölkəmizin sərhədlərini aşaraq Avropanın içərilərinə
qədər irəliləyib və əhəmiyyətli bir missiyanı icra edir. Tədbirdə Prezidentimizin
son 20 ildə iqtisadi göstəricilərlə bağlı səsləndirdiyi rəqəmlər isə bir daha sübut
etdi ki, Azərbaycan davamlı inkişaf yolu tutub və daim irəli gedir”.


Digər xəbərlər

0.23415303230286