Erməni vandalizmi

16:03 04-10-2023 | icon 571
Erməni vandalizmi

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol
sahilində yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən
Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə
həmsərhəddir.Sahəsi 1049.8 kvadrat kilometrdir. Tərkibinə bir şəhər, 2 qəsəbə
və 92 kənd daxildir. 
Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini
təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə
qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur.
Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı
hissəsində heyvan təsvirləri - dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini
xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif
bədii formaya malik qəbir daşları vardır, onlardan qoç heykəli olan ikisi
Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır.
Cəbrayıl rayonunda müxtəlif türbələr - Dağtumas kəndində XIII-XVI
əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı
kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq
nümunələri vardır.  
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də
Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə
aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr
şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-
strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa
edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə
kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir.
23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində
rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv
olunmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Cəbrayıl rayonu işğaldan azad edilib.
Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq
abidələrimiz də erməni əsarətindən qurtuldu.
İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatında üzümçülük, heyvandarlıq
və taxılçılıq əsas yer tutub. İşğaldan əvvəl rayonda 72 ümumtəhsil məktəbi, 40
klub müəssisəsi, 78 kitabxana, 8 xəstəxana, 11 həkim və 52 feldşer-mama
məntəqəsi fəaliyyət göstərmişdir.
İşğaldan əvvəl rayon ərazisində çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri (qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, dairəvi və səkkizguşəli türbələr, Xudafərin körpüsü və s.) mövcud olub.
Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər atılsa da, onlardan ancaq
ikisi Cəbrayıl rayonu ərazisində dövrümüzədək qalmışdır. Bir-birindən 750 metr
aralı yerləşən bu körpülər çay yatağınının ən əlverişli keçidlərindən biri olan
Xudafərin dərəsində yerləşir. Belə ki, burada genişlənən çay yatağında iri
qayalıqlar var. Həmin qayalar körpü tağları üçün etibarlı təməl rolunu
oynamışdır. 
Körpülərin böyüyünün- bişmiş kərpic və çaydaşından tikilən on beş
aşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 metrə
yaxın, eni 4,5 m, çay səviyyəsindən ən yüksək hündürlüyü 12 m, ən iri tağ
aşırımı 8,7 m, ən kiçik tağ aşırımı 5,8 metrdir.
Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır.
Yuxarı qatda divar hörgüsü kərpicdən aparılmışdır ki, bu da Arran memarlıq
məktəbi üçün xarakterikdir. 
On bir aşırımlı Xudafərin körpüsü isə çay axarının yuxarısında olub
bütünlüklə daşdan tikilmiş və yaxşı yonulmuş daş lövhələrlə üzlənmişdir.
Tədqiqatçılar bu körpünün XIII əsrin sonlarında antik körpü qalıqları üzərində
yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metr, eni 6 metr, çay
səviyyəsindən hündürlüyü 12 metrdir. On bir aşırımlı Xudafərin körpüsünün
yalnız üç orta tağı salamat qaldığından el arasında “Sınıq körpü” adı ilə
məşhurdur. 
Ümumdünya əhəmiyyətli tarixi hadisələrə bağlılığına, gözəl landşaftla
üzvi birliyinə, yüksək memarlıq-mühəndis həllinə və s. görə Xudafərin
körpüləri universal dəyərli abidələrdir.
Transkontinental yollar, o sıradan Böyük İpək Yolu üzərində olduğundan
Xudafərin körpüləri yüzillərcə yalnız ölkədaxili və ölkələrarası deyil,
qitələrarası əlaqələrdə də faydalı olmuşdur. 
1993-cü ildə Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən
işğalından sonra Xudafərin körpüləri də əsirlikdə qalmışdı. 18-19 oktyabr 2020-
ci ildə işğaldan azad edilmişdir
Erməni vandallarının Cəbrayıl rayonunda törətdiyi vəhşilikləri gördükcə
nə qədər kədərlənsək də, nikbinliyə əsas var - işğaldan azad olunmuş bütün
şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl bərpa ediləcək, yenidən qurulacaq.
Prezident İlham Əliyev noyabrın 16-da Cəbrayıla səfəri zamanı bu barədə
deyib: "Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir
şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq.
Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə
abidələri ucaldılacaq və həyat qayıdacaq. Yenə də Azərbaycan vətəndaşları
burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. 
Qayayeva Xədicə
Saatlı rayon Fətəlikənd kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.24236416816711