Əlli ildən sonra Konqres yenidən Bakıda keçirilir

16:45 05-10-2023 | icon 682
Əlli ildən sonra Konqres yenidən Bakıda keçirilir

Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq gözəl bir
ənənəyə çevrilib. Dünən Bakıda Prezident İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın iştirakı ilə daha bir belə tədbirin - Bakı Konqres Mərkəzində 74-cü
Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi baş tutub. Konqresin beş gün
davam edəcəyi gözlənilir. Sentyabrın 30-da isə Azərbaycan Prezidenti İlham Əliyev
Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourini qəbul edib. Bakı
Konqresində 100-dən artıq ölkədən 5 mindən çox nümayəndənin iştirakı beynəlxalq
səviyyədə tədbirə verilən önəmin göstəricisidir. Konqresin Azərbaycanda yüksək
səviyyədə təşkili üçün böyük hazırlıq işləri görülüb. Qeyd edək ki, Prezident İlham
Əliyev 2022-ci il 7 fevral tarixində 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-
cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması
haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, Təşkilat Komitəsi Astronavtika
Konqresinin keçirilməsinə dair Tədbirlər Planı hazırlaşaraq həyata keçirib.
Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq
müharibə” dövründə kosmos sahəsində elm adamları arasında dialoqun yenidən
qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Hazırda Federasiyanın 110 ölkədən
460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.
Konqresin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın
paytaxtı Vaşinqtonda qəbul edilib. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd
şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu Delhi də olub. Kəskin rəqabət
şəraitində keçən seçkilərdə paytaxtımız qalib gəlib. Bəs Vaşinqtonda keçirilən
seçkilərdə nə üçün Azərbaycana üstünlük verilib? Sualın cavabı olaraq bildirək ki,
bu heç də təsadüfi deyil. Dünya kosmos ictimaiyyətinin belə bir qərar verməsi, ilk
növbədə, Azərbaycanın son illərdə innovativ əsaslı sənaye quruculuğuna, o
cümlədən də kosmik sənayenin inkişafına verdiyi önəmlə bağlıdır. Artıq bir neçə
ildir ki, respublikamıza məxsus “Azerspace-1, “Azersky” və “Azerspace-2”
peyklərinin istismarı uğurla həyata keçirilir. Bu peyklər vasitəsilə xarici ölkələrə və
transmilli şirkətlərə satılan kosmos xidmətləri ölkəmizə valyuta qazandırır.
Qürurverici haldır ki, hazırda “Azərkosmos”un ixrac portfelində ABŞ, Böyük
Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl
şirkətləri təmsil olunurlar. Dünya kosmik ailəsinin tərkibində belə uğurlu fəaliyyət öz
nəticəsini verib. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik
ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.
Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə ikinci dəfədir ki, ev sahibliyi edir.
 Bu, birinci dəfə ulu öndər Heydər Əliyevin respublikamıza ilk rəhbərliyi dövründə -
1973-cü ildə baş vermişdi. O vaxt Ulu Öndər Azərbaycanın rəhbəri kimi böyük
səylər göstərmişdi ki, keçmiş Sovet İttifaqında bu konqres məhz Bakıda keçirilsin.
Bu baxımdan, 2023-cü ildə - təxminən, yarım əsrdən sonra müstəqil Azərbaycanda
bu konqresin yenidən keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt Azərbaycan
keçmiş ittifaqın tərkibində idi, müstəqil dövlət deyildi.  İndi isə Bakı Beynəlxalq
Astronavtika Konqresinə ev sahibliyini müstəqil dövlətin paytaxtı kimi edir. Dünya

miqyasında ən mötəbər tədbirlərdən biri olan beynəlxalq konqresin ikinci dəfə
Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq
kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə
əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha
yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq. Bakı
Konqresinə Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı rekord həcmdədir
- 214. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr - ABŞ, İtaliya, Hindistan və
Çindən sonra ilk beşlikdə yer alır. Tədbirdə ümumilikdə 95 ölkədən 3600-dən çox
elmi məqalə təqdim olunub. Bu göstərici ilə Bakı Konqresi Paris (2022), Vaşinqton
(2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri
geridə qoyub.

Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.22838711738586