Səttar Möhbalıyev: “Azərbaycanla Gürcüstan mehriban qonşuluq prinsiplərinin faydalarını sübut etməyi bacarıblar”

15:59 09-10-2023 | icon 454
Səttar Möhbalıyev: “Azərbaycanla Gürcüstan mehriban qonşuluq prinsiplərinin faydalarını sübut etməyi bacarıblar”

“Azərbaycan əlverişli coğrafi yerindən, təbii potensialından səmərəli şəkildə
yararlanaraq istər regionda, istərsə də dünyada öz mövqelərini möhkəmləndirir,
iqtisadi qüdrətini durmadan artırır. Ölkəmizin regionda rolu, müəllifi olduğu qlobal
layihələr ümumilikdə qonşu dövlətlər, o cümlədən dost Gürcüstanın iqtisadi
inkişafı üçün əhəmiyyətilidir. Xüsusilə etiraf olunmalıdır ki, Azərbaycanın
təşəbbüsü ilə ərsəyə gələn bu layihələr həm də iştirakçı ölkələr arasında dostluq
münasibətləri yaradıb, yeni-yeni siyasi-iqtisadi əməkdaşlıqlara yol açıb. Bildiyimiz
kimi, Ermənistanın uzun illər davam edən işğal siyasəti bütövlükdə regionun
inkişafına mənfi təsir göstərirdi. Azərbaycan təcavüzkar dövlətin işğal siyasətini
aradan qaldırmaqla yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırıb, regionun
inkişafı üçün yeni imkanlar yaradıb. Bu reallıqlardan çıxış edərək Azərbaycanın
qonşu ölkələr üçün əhəmiyyəti aydın görünür, bilavasitə sabitliyin və
təhlükəsizliyin qarantı kimi qəbul olunur”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Vurğulayım ki, Cənubi Qafqazın iki əsas dövləti - Azərbaycan və Gürcüstan
yerləşdikləri regionun əhəmiyyətini yüksək dəyərləndirərək birgə əməkdaşlıq
çərçivəsində uğurlu irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya
layihələri həyata keçiriblər. Gürcüstanın tranzit imkanları şərait yaradıb ki,
Azərbaycan enerji resurslarını və digər yükləri dünya bazarına çıxara bilsin. Bu
gün Azərbaycan-Gürcüstan münasibətləri dünya dövlətləri üçün bir nümunə təşkil
edir, bütün aspektlərdə dövlətlərimizin anlaşa bilmədiyi məsələ yoxdur. Həmçinin
hər iki ölkə mehriban qonşuluq prinsipinin əhəmiyyətini və faydalarını öz
münasibətləri çərçivəsində sübut etməyi bacarıblar. Statistik məlumatlara əsasən, təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 771 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında isə ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını keçib, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ
dolları təşkil edib. Həmçinin ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon,
Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya
yatırılıb. Təbii ki, qeyd olunan rəqəmlər yüksək göstəricidir və bu sahədə
genişlənən əməkdaşlığı əks etdirir”, - AHİK sədri bildirib.

Onun sözlərinə görə, dövlətimizin başçısı cənab İlham Əliyevin qardaş
Gürcüstana son səfəri, sözsüz ki, münasibətlərimizin daha da inkişafına, xüsusi
əhəmiyyət kəsb edən və qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin
dərinləşməsinə mühüm töhfələr verəcək: “Tbilisidə Prezident İlham Əliyev və
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatla çıxışları zamanı iki
ölkə arasında mövcud münasibətləri yüksək dəyərləndirdilər və gələcək
perspektivlərdən söz açdılar. Ölkələrimiz arasında enerji, nəqliyyat, logistika,
dəmir yolu və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində
mühüm işlər görülür. Baş naziri İrakli Qaribaşvili həmçinin Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirdi. Məlumdur ki, hər iki ölkə
bütün müstəvilərdə bir-birinə kömək olub. Yeri gəlmişkən, Azərbaycan BMT Baş
Assambleyasının müxtəlif vaxtlarda Gürcüstanla bağlı keçirilən sessiyalarında
qəbul olunan qətnamələrin lehinə səs verməklə dost ölkəyə dəstək olmuşdur”.

“Dövlətimizin başçısı çıxışı zamanı Ermənistanla Azərbaycan arasında
normallaşma prosesinə toxundu və bunun bölgə üçün əhəmiyyətini vurğuladı.
Azərbaycan ilk vaxtlardan sülh səylərini davam etdirib, müxtəlif platformalarda bu
istiqamətdə aparılan danışıqları dəstəkləyib. Təbii ki, Ermənistan dövləti də real
vəziyyəti düzgün qiymətləndirib, xalqının gələcəyini düşünüb oxşar addımlar atmalıdır. Sözsüz ki, bu, onlar üçün daha çox vacibdir”, - Milli Məclisin deputatı qeyd edib.
Səttar Möhbalıyev əlavə edib ki, Azərbaycanla Gürcüstan arasında ölkə
rəhbərləri çərçivəsində təşkil olunan qarşılıqlı səfərlər, aparılan müzakirələr,
imzalanan sənədlər, həmçinin yeni layihələr üzərində iş əməkdaşlığımızın gələcək
uğurlarından xəbər verir.


Digər xəbərlər

0.22539114952087