Azərbaycan – Gürcüstan münasibətləri

12:26 11-10-2023 | icon 578
Azərbaycan – Gürcüstan münasibətləri

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr
1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan
səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli
əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi
şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın
baş konsulluqları açılıb.
Hər iki ölkə arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə
bölmək olar. Birinci mərhələ - 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir.
1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi
Qafqazda ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Xarici və daxili siyasətdə milli
mənafeləri təmin edən strategiya həyata keçirildi. 1995-ci ildə Azərbaycan ilə Gürcüstan
dövlətləri arasında müqavilə bağlandı. Müqavilə siyasi, iqtisadi, hərbi, kommunikasiya
sahələrini əhatə edir.
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ
dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı,
geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq
münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər
qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni
mövqedən çıxış edib.
Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq
keçən müddətdə bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı hər
şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-
Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-
kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə
strateji cəhətdən bağlayır. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri
daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və
strateji xarakter alır.
2004-cü ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra, Gürcüstanın
Azərbaycana olan marağı nəinki zəifləməmiş, əksinə, münasibətlərin daha da inkişafı
üçün yeni addımlar atılıb. Belə ki, 2004-cü il martın 4-5-də Gürcüstan prezidenti Mixail
Saakaşvili Bakıda rəsmi səfərdə olub. Səfər zamanı "Azərbaycan Respublikası və
Gürcüstan Respublikasının arasında birgə bəyannamə", "Təhsil sahəsində əməkdaşlıq
haqqında saziş", "Azərbaycan Respublikasının hökuməti ilə Gürcüstan hökuməti
arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş" imzalanıb.
"Gürcüstanla Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkələrdir" -
bu fikri 2004-cü ilin martında Gürcüstan prezidenti Mixail Saakaşvilinin Bakıya rəsmi
səfəri zamanı hər iki ölkənin dövlət başçıları bəyan ediblər.
Ölkə prezidenti İlham Əliyev regionda sakitçiliyin təmin olunması, eləcə də, sülhün
hökm sürməsi üçün qonşu dövlətlərlə balanslaşdırılmış siyasət yeritməkdədir. Qonşu
dövlətlərə edilən rəsmi və işgüzar səfərlərdə həm bu həm də iqtisadi və mədəni
əlaqələrin möhkəmlənməsi məqsədi daşıyır. 8 oktyabr 2023-cü ildə İlham Əliyev

Gürcüstana 11-ci rəsmi səfərini etmişdir. bu səfərlərin hər birində Gürcüstan ilə
mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsi ön planda olmuşdur.

Səlimzadə Orxan
Saatlı rayon Mollavazlı kənd ümumi orta məktəbin Tarix müəllimi


Digər xəbərlər

0.21357607841492