Müsəlman ölkələri ilə münasibətlərdə Heydər Əliyev dəst-xətti

15:25 11-10-2023 | icon 771
Müsəlman ölkələri ilə münasibətlərdə Heydər Əliyev dəst-xətti

Ulu Öndər Heydər Əliyevin ölçülüb-biçilmiş yeni xarici siyasət kursunda
Azərbaycanla qonşu olan ölkələrlə, müsəlman ölkələri ilə münasibətlərə də
xüsusi diqqət yetirilirdi. Belə ki,ötən əsrin 90-cı illərində bu ölkələrlə
münasibətlərdə süni yaradılmış xeyli kəskin problemlər münasibətlərə xələl
gətirir, Azərbaycanın beynəlxalq mövqeyinə ziyan vururdu.
Məhz buna görə də Heydər Əliyev çox təcrübəli siyasətçi kimi bu ölkələrlə
münasibətlərdə tezliklə dönüş yaratmaq, onlarla qarşılıqlı faydalı əməkdaşlıq
prinsiplərinə, beynəlxalq hüquq normalarına əsaslanan sivilizasiyalı münasibətlər
qurmaq üçün böyük əmək sərf etməli oldu.
1994-cü ilin may ayından etibarən ümummilli lider Heydər Əliyevin müvafiq
sərəncamına əsasən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı
Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri
verildikdən sonra Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə
Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun
müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa
başlanmışdır.
Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı
Krallığına səfəri AR-İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla
yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi
məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini
artırmışdır. 1994-cü ilin dekabrında Kasablanka şəhərində İƏT-ə üzv ölkələrin
dövlət və hökumət başçılarının VII zirvə görüşündə Dağlıq Qarabağ problemi ilə
bağlı mühüm qətnamə qəbul edildi. Qətnamədə Ermənistanın təcavüzü
nəticəsində didərgin düşmüş bir milyon nəfərə yaxın vətəndaşının məskunlaşdığı
Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsinə çağırılırdı. Həmçinin
qətnamə BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsinə, Ermənistan
silahlı qüvvələrinin Azərbaycan torpaqlarından “dərhal və qeyd-şərtsiz”
çıxarılmasına çağırırdı. Bundan əlavə, İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin
Cakarta şəhərində 1996-cı ildə keçirilən 24-cü konfransında qətnamənin adının
dəyişdirilərək “Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlandırılması
Azərbaycan üçün böyük uğur idi.
İKT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda, 2000-ci ildə
Dohada, 2003-cü ildə Butracayada keçirilmiş VIII, IX və X zirvə görüşlərində və
2008-ci ildə Dakarda keçirilmiş zirvə görüşündə qəbul edilmiş qətnamələr də
“Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlanır. Bu qətnamələr
Azərbaycanın mövqeyinin dünya birliyinə çatdırılmasında mühüm rol oynamışdır.
Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur,
bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Son illər qlobal və regional
məsələlərin həllində Azərbaycan İslam Konfransı Təşkilatı ilə sıx əməkdaşlığını

inkişaf etdirərək, onun siyasi rolunun artırılması, beynəlxalq problemlərin həllində
təsiri və iştirakının gücləndirilməsi istiqamətində apardığı fəal siyasətini davam
etdirmişdir.

Cəbrayıl Gözəlov,
Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.27709197998047