İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqlar Konfederasiyasının Bəyanatı

23:47 13-10-2023 | icon 571
İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqlar Konfederasiyasının Bəyanatı

2003-cü ilin 15 oktyabrında ilk dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyev
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını
qətiyyətlə davam etdirərək dərin siyasi təfəkkürü, yüksək idarəçilik keyfiyyətləri
ilə Azərbaycanı qüdrətli ölkəyə çevirib. O, Prezident və əsl vətəndaş kimi, üzərinə
düşən vəzifələri inamla icra etməklə sonsuz məhəbbətlə sevdiyi xalqının nüfuzunu
zirvələrə ucaldıb, gördüyü genişmiqyaslı işlərlə tarixdə dərin iz qoyub. Onun
məqsədyönlü və konkret hədəflərə istiqamətlənmiş siyasi fəaliyyəti Azərbaycan
dövlətinin müstəqilliyini daha da möhkəmləndirib, ideoloji dayaqlarını gücləndirib.
Parlaq fəaliyyətinin hər bir məqamında dövlətimizin milli mənafeyini, xalqımızın
maraq və istəklərini böyük peşəkarlıqla təmin edib. Bu gün dünyanın xəritəsində
günü-gündən hərtərəfli inkişaf edən, iqtisadi qüdrəti durmadan artan, baş verən
istənilən qlobal böhrana sinə gərən, Ordusu dünyanın ən güclü orduları sırasında
yer alan güclü Azərbaycan var. Bu nailiyyətlərin arxasında Prezident İlham
Əliyevin səmərəli fəaliyyəti, fədakar əməyi, gərigin zəhməti, dövlətinə və xalqına
sonsuz sevgisi dayanır.
Son 20 ildə Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkə
iqtisadiyyatı dönməz inkişaf yolu tutub, Azərbaycan bütün sahələrdə Cənubi
Qafqazın Lider dövlətinə çevrilib. Nəqliyyat sisteminin yenidən qurulması
ölkəmizin dünyaya çıxışını təmin edib. Bu gün regionda reallaşdırılan bütün
beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə
alınması ilə həyata keçirilir.

Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına,
yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə
sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-
texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına
mühüm töhfələr verib.
Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-
iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında
mühüm rola malikdir. Bu istiqamətdə həyata keçirilən dövlət proqramları
sayəsində bölgələrdə inkişaf prosesləri sürətlənib, kənd təsərrüfatının müxtəlif
sahələri ilə bağlı konkret proqramlar icra olunub.
Prezident İlham Əliyevin xidmətləri sayəsində demokratik inkişaf, hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi
vurğulanmalıdır. Şübhəsiz ki, demokratik inkişaf yolunda həyata keçirilən
sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi
sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və
azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin
dəstəklənməsi və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə
davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.
Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları
Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış
mühiti formalaşdırılıb, etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Bu cəhətlər
Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından
biri kimi tanıdır.
Azərbaycan 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə
“Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2”
telekommunikasiya peykini orbitə çıxarmaqla dünya kosmos ailəsinin üzvünə çevrilib. Bu, ölkəmizin iqtisadi qüdrətinin və yeni texnologiyalar sahəsində əldə olunan uğurlarının davamı kimi, milli təhlükəsizliyimizə, sosial-iqtisadi inkişafa
böyük töhfələr verir, bu sahədə elmi tədqiqatların aparılmasına şərait yaradır.
Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların
vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn
tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Onun gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına,
ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə kreativ gəncliyin
formalaşmasına şərait yaradıb.
Azərbaycanın 155 dövlətin dəstəyi ilə 2012–2013 illər üzrə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu
Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın
beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Prezident İlham Əliyevin
dövlət siyasətinin ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə
səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır.
Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal
əhəmiyyətli aktora çevrilə bilib. Dünyanın enerji təhlükəsizliyində və Avropanın
üzləşdi böhrandan xilas olmasında əhəmiyyətli rol oynayan Azərbaycan həm də
etibarlı tərəfdaş statusunu qazanıb.
Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Şərqi
Zəngəzurun və Qarabağın azadlığına yaxınlaşdırırdı. 2020-ci ilin 27 sentyabrında
başlanan Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti,
xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Cənab İlham
Əliyevin Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi
bütövlüyünə qovuşdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq
kimi tanındı. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Şərqi
Zəngəzurun və Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən
regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə
işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi
qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış
strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər
2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
peşəkar rəhbərliyi ilə Ermənistan tərəfinin artan hərbi-siyasi təxribatlarına
birdəfəlik son qoymaq üçün Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri
Azərbaycanın suverenliyinin bərpa olunması ilə nəticələndi. Yenilməz Azərbaycan
Ordusunun rəşadəti nəticəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal
rejimin fəaliyyətinə son qoyuldu. 2020-ci ilin 8 noyabrında işğala son qoyan, bu il
aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini
qoymaqla ərazi bütövlüyümüzü tam təmin edən cənab İlham Əliyev sentyabrın 19-
da suverenliyimizi tam bərpa etmiş oldu.
Bu gün Azərbaycan həmkarlar ittifaqlarının hər bir nümayəndəsi Prezident
İlham Əliyevin xalq və dövlət qarşısında xidmətlərini yüksək qiymətləndirir,
onun bütün sahələrdə uğurla həyata keçirilən siyasətinə ürəkdən dəstək verir.
Əminik ki, Prezident İlham Əliyevin bundan sonra da müdrik idarəçiliyi
sayəsində dövlətimiz daha da inkişaf edəcək, müstəqilliyimiz möhkəmlənəcək,
xalqımız xoşbəxt və firavan həyatına davam edəcək.


Digər xəbərlər

0.25028395652771