Əlamətdar tarix:  o günlərin şöhrəti unudulmayacaq

18:13 17-10-2023 | icon 537
Əlamətdar tarix:  o günlərin şöhrəti unudulmayacaq

 17 oktyabr Azərbaycanın dilbər guşəsi və iri yaşayış məskənlərindən olan Füzulinin işğaldan azad olunması günüdür. Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Öncə qeyd edək ki, Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

 İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduq qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

          5 yanvar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə baş tutumuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. 2020-ci ildə isə Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.

. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. Bu münasibətlə bütün Füzuli camaatını ürəkdən təbrik ediri və deyirik: o çətin, lakin Qələbə sevincli günlərin şöhrəti unudulmayacaq. Bütün rayon əhlinə sevinc və fərəh dolu günlər arzulayırıq.

 

Əfsər Abdullayev,

Cəlilabad RİH-in əməkdaşı


Digər xəbərlər

0.3724000453949