Artıq Azərbaycanla dünyada hesablaşırlar

10:27 18-10-2023 | icon 663
Artıq Azərbaycanla dünyada hesablaşırlar

      Müstəqil Azərbaycan dövlətində 3 il əvvəl yaşanan xoş anlar yenidən təkrarlandı. Qalib Azərbaycan xalqı qürur dolu anları bir daha yaşadı. 2020-ci ilin 27 sentyabrında başlayıb, 10 noyabrında əldə etdiyimiz tarixi Qələbənin davamını bu günlərdə bir daha izlədik. 2023-cü ilin 15 oktyabrı xalqımızın yaddaşına əbədi həkk olundu. Prezident İlham Əliyevin 15 oktyabrda Xankəndi şəhərində üçrəngli Azərbaycan Bayrağını ucaltması və xalqa etdiyi müraciət hər birimizin ürəyini dağa döndərdi, hər kəsi qürurlandırdı.

     Prezident İlham Əliyevin müraciətində qeyd etdiyi kimi, 15 oktyabr 2023-cü il tarixi bir gündür. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.

    Ölkə başçısı bildirdi ki, “20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. 20 il bundan əvvəl Prezident seçilərkən doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam.”

Dövlət başçısı qeyd etdi ki, “Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.”

    Ölkə rəhbərinin söylədiyi kimi, artıq Azərbaycanla dünyada hesablaşırlar. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Güclü iqtisadiyyat yarandı. Son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır.

Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir.

     Vətən müharibəsi cəmi 44 gün çəkdi. Şuşanı - bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq. Bütün işləri vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq.

    Ölkə başçısının söylədiyi kimi, bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

     Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Ulu Öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək bizim üçün böyük rəmzi məna daşıyır. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən Azərbaycan xalqı olub, onların davamçıları olub.

    Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik.

    Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir. Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər.

Fail Əhmədov

Saatlı şəhər 2 saylı ümumi orta məktəbin direktoru

 

 

 

 

 


Digər xəbərlər

0.22132205963135