Zəngilanın azadlığa qovuşması xalqımızın tarixi nailiyyətidir

14:42 20-10-2023 | icon 466
Zəngilanın azadlığa qovuşması xalqımızın tarixi nailiyyətidir

Şanlı Azərbaycan Ordusu düz üç il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu. İndi biz haqlı olaraq Zəngilanın “Şəhər günü”nü ümumxalq bayramı səviyyəsində qeyd edirik.

     Ümumiyyətlə, 44 günlük müharibə dövründə Zəngilanın işğaldan azad olunması prioritet məsələlərdən biri idi. Çünki Zəngilan Ermənistanla sərhəddə yerləşir və Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir. Sovet dövründə burada Mincivan stansiyası var idi. Bu bölgənin həm iqtisadi, həm siyasi, həm də strateji baxımdan böyük əhəmiyyəti var. Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, ondan sonra da Laçın dəhlizinə çıxdıq. Laçın dəhlizinə çıxdıqda düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb.

        Uzun müddət idi ki, ermənilər Zəngilanı boşaltmaq istəmirdilər, hətta burada məskunlaşdırma siyasəti həyata keçirirdilər. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı.

        Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır.

       2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

       Hal-hazırda Zəngilanda quruculuq işləri aparılır. Vətən müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda çox işlər görülür. Demək olar ki,  yerlə bir edilmiş bölgə  gözümüzün önündə bərpa olunur. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində önəmli yer tutacaq.Təbii gözəllik nəzərə alınaraq burada müasir, çox gözəl bir şəhər qurulur, həmçinin də kəndlər salınır. Bu bölgədə hava limanı inşa olunur. Məlum olduğu kimi, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi. Zəngəzur dəhlizinin açılması uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.

 

Xalid Əsgərov,

   Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı     


Digər xəbərlər

0.24030804634094