Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürü

10:44 06-11-2023 | icon 1282
Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürü

Noyabr ayının 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının
quruma üzv ölkələrin «Türk Əsri!» çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu görüşdə iştirak edərək çıxış
edib.
Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın və Özbəkistanın üzv,
Macarıstanın, Türkmənistanın və Şimali Kipr Türk Respublikasının müşahidəçi kimi
təmsil olunduqları Türk Dövlətləri Təşkilatının noyabrın 3-də Qazaxıstanın paytaxtı
Astanada keçirilən Sammitdə də türk dövlətlərinin ümumi maraqlarını ifadə edəcək
mühüm məsələlər müzakirə olunub. «Türk Əsri!» çağırışı altında keçirilən Sammitdə
türk dövlətləri arasında iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində əməkdaşlıq
məsələləri müzakirə olunaraq və birgə layihələr təsdiq edilib. Dövlətlər arasında
çoxtərəfli əməkdaşlığın əsas istiqamətləri nəzərdən keçirilib. Dünyada və regionda baş
verən siyasi və iqtisadi hadisələr fonunda türk birliyi üçün gərəkli məsələlərlə bağlı fikir
mübadiləsi aparılıb. Sammitdə bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktı qəbul
olunaraq, Astana Sammiti Bəyannaməsi imzalanıb. Zirvə görüşünün sonunda TDT-yə
sədrlik Özbəkistandan Qazaxıstana keçib.
Qeyd edilməlidir ki, 2009-cu oktyabrın 3-də Naxçıvanda Türkdilli ölkələrin dövlət
başçılarının IX Zirvə görüşündə qəbul olunan Bəyannamə əsasında yaradılan Türk
Dövlətləri Əməkdaşlıq Şurası beynəlxalq təşkilat kimi türk dünyasının birliyinin
möhkəmlənməsində önəmli inkişaf yolu keçdi. Hazırda Türk Dövlətləri Təşkilatı (TDT)
kimi fəaliyyətini müasir dövrün tələblərinə uyğun, geniş miqyasda davam etdirən qurum
beynəlxalq əhəmiyyətli mühüm siyasi, iqtisadi, humanitar məsələlərin müakirəsində
iştirak edən və fəaliyyəti dəyərləndirilən təşkilat kimi tanınır. Naxçıvan Bəyannaməsində
qeyd olunduğu kimi, tarixi hadisələrin və geosiyasi dəyişiklərin tələbinə uyğun yaradılan
təşkilat türk dövlətlərinin birlik platforması olmaqla qarşıya qoyulan vəzifələrin həllində
sarsılmaz güc olduğunu təsdiqlədi. Bununla da böyük ideala, oxşar tarixə, köklərə, adət-
ənənələrə malik, Şərqlə Qərb arasında yerləşən türk dövlətlərinin siyasi inteqrasiyasına
doğru mühüm addımlar atıldı. Qlobal enerji, nəqliyyat layihələrinin, kəmərlərinin
təhlükəsiz keçidinin türk dövlətlərinin sərhədləri daxilində yerləşməsi də TDT üçün
əlverişli imkanlar yaradır. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi
Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən TDT, TÜRKSOY, Türk
Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqində, maddi
və mənəvi dəyərlərimizin dünyada təbliğində əhəmiyyətli rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astanadakı toplantıdakı
çıxışında bildirib: “Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra
Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə
başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində
vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur”.
Böyük Qayıdış Proqramının icra olunduğunu vurğulayan dövlətimizin başçısı
qeyd edib: “Artıq keçmiş məcburi köçkünlər – bu torpaqların əsl sahibləri Laçın və Füzuli
şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura
140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.
Azərbaycan Prezidenti Füzuli şəhərində inşası başa çatmış məktəbə görə
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və inşa edilən yaradıcılıq mərkəzinə görə
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirərək deyib: “Bunlar
Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun
və qardaşlığın təzahürüdür”.
Tarixi sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, hərbi,
ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə

olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin
əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda
göstərilməsi tarixi nailiyyətdir. Bu gün beynəlxalq müstəvidə aktual olan Zəngəzur
dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması bu
dəhlizin bərpasına mane olanların cəhdlərinin əsassız olduğunu təsdiqləyir.
Tarixi İpək Yolunun üzərində yerləşən, Şərq-Qərb nəqliyyat dəhlizinin fəal
iştirakçısı olan Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də
önəmli töhfələr verir. Bu  ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələnin
dağıdıcı nəticələrinin aradan qaldırılmasında qardaş ölkəyə dəstək olan Azərbaycan
türk birliyinin sarsılmazlığını göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri”
çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə
çıxışında bildirib ki, “Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq
hüquq normaları kobudcasına pozulur”.
Müharibələrin, qanlı münaqişələrin alovlandığını qeyd edən Prezident İlham
Əliyev bildirib: “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin
əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə,
müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.

Südabə Vəliyeva
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru


Digər xəbərlər

0.26780605316162