İnsanlıq məğlub olmaqdadı – MÜSAHİBƏ

11:58 19-11-2023 | icon 2264
İnsanlıq məğlub olmaqdadı – MÜSAHİBƏ

Tahir Tahiroviç Azərbaycan kinematoqrafiyasında yalnız lentə aldığı sənədli filimləriylə yox, həm də siyasi, dini baxışlarıyla da diqqət çəkir. Kinorejissor Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkə pərəstişi, kamalizm siyasi düşüncəsi və dinləri tənqid etməyiylə də nəzərləri cəlb edir. Sənətkarla maraqlı söhbətimiz alındı. Onunla Türkiyənin yaranmasının 100 illiyi, Azərbaycanda 1918-20-ci illərdəki I Respublikanın elan edilməsi, ardınca Azərbaycan Şura Sosialist Cümhuriyyətinin qurulması, dinlərə münasibət və digər mövzulara toxunduq.

- Tahir bəy, kamalist düşüncəli sənətkarsız. Bu il Türkiyə Respublikasının yaranmasının 100 illiyidi. Bu məsələylə bağlı düşüncələriniz maraqlıdı...

- Dünyada Türkiyə Cümhuriyyəti kimi unikal yaradılan və şərəfli yol keçən ikinci ölkə tanımıram. Çünki, Anadoluda xalq meydana axışaraq Osmanlı imperiyasını devirmədi, bunu peşəkar hərbiçilər etdi. Onlar məmləkətin ağır, acınacaqlı vəziyyətində iş başına keçdilər. Başda Mustafa Kamal paşa və silahdaşları 4 il gərgin mübarizədən sonra Türkiyə Cümhuriyyətini yaratdılar. Özü də əllərində bütün səlahiyyət, güc olmalarına rəğmən parlamentli, demokratik dövlət qurdular. Məhz hərbiçilər türk yurudunu xilafətlikdən dünyavi, müasir respublikaya çevirdilər. Biz adətən görmüşük ki, hərbiçilər çevriliş, inqilab nəticəsində iqtidarı ələ keçirəndə ya avtoritarcası şəxsi hakimiyyətlərini, ya da qrup şəkilində xunta yaradırlar. Amma türkiyəli hərbiçilər hakimiyyətin mənbəyi xalq olan bir quruluş yaratdılar. Ona görə yuxarıda qeyd etdim ki, Türkiyə kimi unikal yaradılan və şərəfli yol keçən ikinci ölkə tanımıram.

- Məhz Osmanlının süqutu nəticəsində Livan, Suriya, İordaniya, İraq və digər dövlətlər yaradıldı. 1923-cü ildə Türkiyədə konstitusiyalı monarxiya qurmaq və imperiyanın daha çox ərazilərini saxlamaq yaxşı olmazdımı?

- Türkiyəyə və türklərə yeni nəfəs lazım idi. Ona görə konstitusiyalı monarxiya xalqa əl verməzdi. Ərazi itkilərinə gəlincə, bunu itki adlandırmazdım. Çünki, Atatürk Türkiyəni daxili sərhədlərinə qaytardı. Necə deyərlər Türkiyənin gələcək prezidenti Osmanlının ərazi özəyini qorudu. Digər tərəfdən itirilən ərazilərə və orada yaradılan yeni dövlətlərə gəlincə, bu ərazilər türklərin tarixi torpaqları deyildi. Osmanlı həmin yerlərə qılıncı, topu-tüfəndi ilə gedib çıxmışdı.

- Hər halda Hatayı Türkiyə Suriyaya güzəştə getmədi. Hərçənd, rəsmi Dəməşqin arxasındada Fransa kimi imperialist dövlət dayanırdı. Faktiki olaraq bu məsələdə Mustafa Kamal paşa fransızlarla qarşıdurmaya getdi. 3 il gərgin mübarizə getdi. Hətta, Türkiyənin ilk prezidenti rəhmətə getsə də, onun xələfləri bu işdən əl çəkmədilər. Nəticədə 1939-cu ildə Hatay Türkiyənin tərkibinə daxil oldu. Amma digər əraziləri güzəştə getməklə heç də sərhəddə əmin-amanlığa da nail olmadı. Neçə onillikdi rəsmi Ankara hələ də sərhəddə silahlı qarşıdurmalar, terrorizm, separatçılıqla mübarizə aparır.

- Bilirsiz, Türkiyəni sevməyən qüvvələr çoxdu. Ölkənin daxilindəki kiçik qruplaşmalardan tutmuş imperialist dövlətlərə qədər bizə yaxın olan ölkəni məhv etmək üçün daim iş başındadılar. Ona görə də azğın imperialistlər harda boşluq tapsalar ordan yapışıb bunu qanqrena kimi şaxələndirib Türkiyədə qarşıdurma yaratmaq istəyirlər. Hələ qardaş ölkənin bu qədər düşmənləri varsa, görün daha böyük ərazilərə sahib olsaydı və əhali arasında milyonlarla ərəblər və bunlar kimi digər millətlər var olsaydı dövlətin vəziyyəti necə olardı. Çaxnaşmalar, qarşıdurmalar, qətillər pik həddə çatar, vətəndaş müharibəsi yaranar və dövlət tamamlə yox olardı. Gəlin, tarixə nəzər yetirək Rusiya hələ ötən əsrdən Moldovanın ərazilərinə qondarma Dnestryanı Moldav Respublikası yaradıb. Həmçinin Gürcüstandan Abxaziya, Osetiyanı qoparıb, oyuncaq dövlətlər yaradıb. Bu gün Türkiyənin Moldova və Gürcüstanın vəziyyətinə düşməməsinin başlıca səbəbi məhz Atatürkün ərazi məsələlərində yürütdüyü ağıllı xarici siyasətinin nəticəsidi.

- Tahir bəy, türk dünyasında ilk cümhuriyyət quruluşlu dövlət Qərbi Trakyada elan olundu. Amma nəin ki, dünya dövlətləri, heç Osmanlı tərəfindən də tanınmadı. Sonra biz Respublika elan etdik. Amma nə doğru-dürüst beynəlxalq səviyyədə, nə də xalq arasında tanındı. Qısası ayaq üstündə dura bilmədən süqut etdi. Sizcə, 1918-20-ci illərdə iqtidarda romantik, xülyabaz siyasətçilər yox, hərbiçilərimiz hakimiyyətdə olsa, daha uzun ömürlü dövlətə sahib ola bilərdikmi?

- Gəlin, etiraf etiraf edək ki, 1918-20-ci illərdə nəin ki, peşəkar hərbiçilərimiz, heç ali savadlı insanlarımız barmaqla göstəriləcək qədər idi. Həmin dövrdə oxuma-yazmağı bacaran az qala alim hesab olunurdu. Cuzi hərbiçilərimiz, generallarımız vardı. Onların da hamısı Çar Rusiyasında yetişmişdi və həmin quruluşa sadiq idilər. Həmçinin unutmayaq ki, biz neçə əsr Rusiyanın bir əyaləti idik. Zəifləmiş imperiyanın belə sanballı sərkərdələri olur və ya yetişir. Onlardan biri də Mustafa Kamal paşa, İsmət İnönü, Kazım Qarababəkir, Fevzi Çakmak, Əli Fuat Cebesoy və başqalarını misal çəkmək olar. Ona görədə 3 qitədə 600 ildən çox hökmranlıq edən nəhəng Osmanlının hərbi gücüylə ovuz boyda olan hərbiçilərimizi müqayisə etmək düzgün deyil.

- Hər halda siyasi impotent olan müsavatçılarla uzağa gedə bilmədik. 2-3 generalın rəhbərliyi ilə hərbi xunta qurulsaydı az da olsa, faydalı olmazdımı?

- Əgər hakimiyyətdə generallarımız olsaydı belə uzun ömürlü cümhuriyyətdən söhbət gedə bilməzdi. Ən yaxşı halda bolşeviklərin işğalını bir qədər gecikdirmək olardı. İşğalı da yetişdirən bir çox səbəblər vardı. Onlardan da biri yerli bolşeviklərin dövləti yıxmaq üçün hər vasitəylə dəridən-qabıqdan çıxmaları idi. Bu işdə rəsmi Moskva onlara hərtərəfli dəstək verirdi.

- Yerli kommunistləri qınadınız, bəs bir-birini əvəz edən 5 hökümət kabinetlərinin yarıtmazlığı, siyasi iradəsizliyi barədə nə deyərdiz?

- Gəlin, 23 ay yaşayan hökümətimizi çox da qınamayaq. Çünki, yuxarıda qeyd etdiyim kimi həmin dövrdə ali təhsilli, dövlət idarəçiliyində çalışmış şəxslərimiz demək olar yox idi. 15-20 nəfər bir araya gəlib yoxdan dövlət yaratdılar. Bolşeviklərin “xidmətlər”ini ona görə xüsusi qabardıram ki, onların milli hökuməti görməyə gözləri yox idi və hər vasitəylə onu yıxmağa çalışırdılar. Amma istəsəydilər onlarla birgə koalisyon hökumət də qurmaq olardı. Amma qırmızılar kompramisə yox, Rusiya ağalığında maraqlı idi. Mənim üçün ən maraqlı məqam odur ki, cümhuriyyətimizi yıxanların demək olar hamısı 1937-38-ci illərdə repressiya olunaraq güllələndilər. Çünki, Stalin dərin düşünən bir lider idi. O, çox gözəl anlayırdı ki, bir dəfə xəyanət edənlər yenə edəcəklər.

 



- Bolşevik simalarımıza qərəzli yanaşırsız. Onlar arasında milli mübarizə aparan, müstəqil sosialist Azərbaycanın var olması üçün çarpışanlar da var. Nəriman Nərimanov, İbrahim Əbilov, Dadaş Bünyadzadə, Mir Cəfər Bağırovu misal çəkmək olar. Axı, onların xidmətlərini də danmaq olmaz...

- Mən sizin fikirlərinizlə razılaşmıram. Onların milli mücadiləsi olmayıb. Elə Nərimanovu götürək. O, ömrünün sonlarında aldadıldığını, oyuna gətirildiyini, istifadə olunduğunu anladı. Onun oğlu Nəcəfə yazdığı məşhur məktubunda da dediklərimi görmək olar. Təbii ki, Nərimanovu bir həkim, dramaturq, yazıçı, publisist, maarifçi kimi xidmətlərini də danmaq olmaz. Amma onu böyük siyasi xadim kimi qəbul etmirəm. O kəs ki, siyasət meydanına atılırsa və illər sonra atdığı addımlardan, gördüyü işlərdən peşman olursa, o siyasətçi deyil. Nərimanov da bu aqibəti yaşayan fiqurlardandı. Təbii ki, bu mənim subyektiv fikirimdi.

- Türkiyənin istiqlal savaşına ən fəal dəstək verən RSFSR və Azərbaycan SSR idi. Mustafa Kamal paşaya və TBMM-nə hərtərəfli yardımlar böyük siyasi xadim hesab etmədiyiniz Nərimanov və Əbilov vasitəsiylə edilirdi. İkinci, qibtə etdiyiniz Atatürkün ən yaxın dostu idi. Bunları da danırsız?

- Xeyir, bunları danmaq olmaz. Nəzərə alsaq ki, Osmanlı ilə Rusiya I Dünya müharibəsində məğlub olmuş, oxşar faciələr yaşamışdılar. Buna görə də onların ortaq maraqları, düşmənləri vardı. Onların birləşmələri məhz buna görə idi. Fikir verin, SSRİ ilə Türkiyənin yaranması da ardıcıllıqla baş verdi. Biri 1922-ci, digəri isə 1923-cü ildə gerçəkləşdi.

- Əgər Lenin vaxtsız ölməsəydi və ya hakimiyyəti Stalin yox, Vladimir İlyiçin siyasi xətdini davam etdirənlərdən biri olsaydı, Türkiyə ilə SSRİ arasında daha yaxın münasibətlər olardımı?

- Əslində sovetlər ölkəsiylə Türkiyə arasında münasibətlər heç də pis deyildi. Fikir verin, Türkiyə III Reyxin ən yaxın müttəfiqlərindən olsa da, onlar Almaniya tərəfində müharibəyə qoşulmadı. Hətta, Hitlerin israrlı təkidlərinə baxmayaraq, İsmət İnönü höküməti SSRİ-yə qarşı müharibədə onunlar bir sırada yer almadı. Çünki Atatürkün vəsiyətlərindən biri də gələcəkdə Türkiyəni müharibələrdən kənarda saxlamaq idi. Yəni, dövlətin ərazi bütövlüyünə, suverenliyinə təhlükə olmadığı təqdirdə Türkiyə bütün savaşlarda bitərəf qalmalıydı. Rəsmi Moskva ilə rəsmi Ankara arasında əlaqənin sərinləşməsi ikincilərin NATO blokuna üzv olmasıyla başladı.

- Əhməd bəy Ağaoğlu Azərbaycanın dövlət kimi mövcudluğunda maraqlı deyildi. O, vətənimizin Türkiyənin vilayətinə çevrilməsinin tərəfdarı idi. Belə düşüncədə olanlar bu gün də çoxdu. Sizin bu yanaşmaya münasibətiniz?

- Mən, həmişə bu cür düşüncədə olanların əlehinə olmuşam. Ağaoğlu da Azərbaycanın müstəqilliyinin əlehinə olan biriydi. Onun düşüncəsi qəbul olunmazdı və absurddu. Türkiyə iqtisadi, siyasi, hərbi, mənəvi cəhətdən bizə yaxın dövlətdi. Buna kiminsə şübhəsi yoxdu. Amma bu o demək deyil ki, Azərbaycan bu gün, sabah və ya nə vaxtsa Türkiyənin vilayətinə çevrilməlidi. Azərbaycan daim müstəqil, suveren dövlət olaraq addımlamalıdı. Mən bir kamalist düşüncəli, sənət adamı, ən əsası bir azərbaycanlı olaraq Ağaoğlu və onun ardıcıllarını qəbul etmirəm. Onların ideyalarını da xalqımız, dövlətimiz üçün zərərli hesab edirəm.

- Baxın, Azərbaycanın müstəqilliyini istəməyən Ağaoğlunu sevmirsiz, amma dövlətçiliyimizi qoruyan, azərbaycançılığı təbliğ edən Nərimanov-Bağırovu da qəbul etmirsiz. Ən azından bu ikili Azərbaycan Rusiyanın əyaləti olmalıdı deməyiblər. Bunu əməlləriylə də göstəriblər. İndi mövqeyinizi necə başa düşək?

- Şəxsi fikirimi deyirəm. Mənə, Azərbaycanın nə Türkiyənin vilayətinə çevrilməsi, nə də SSRİ-in daxilində dövlət olması maraqlı olub. Aşağı-yuxarı hər ikisi eynidi. Ona görə də bu barədə çox danışmaq istəmirəm.

- Azərbaycanda kamalizm kök salıbmı?

- Xeyr, ölkəmizdə kamalizm yoxdu. Sadəcə Atatürkə rəğbət bəsləyənlər çoxdu.

- Türkiyədə kamalistlər qədər ifrat milliyətçilər və radikal islamçılar da çoxdu. İkincilər Mustafa Kamal paşanın siyasi mirasını sıradan çıxarmaqdadı. Bu barədə nə deyərdiz?

- Mən milliyətçiliyin və dindarlığın əlehinəyəm. Amalım republikaçılıqdı. Amma gəlin, Atatürkün türk xalqına çatdırmaq istədiyi ideya ilə hazırkı CHP-i eyniləşdirməyək. Məhz, adı çəkilən partiyanın bugünkü “avanqard”ları Türkiyənin banisinin qoydub getdiyi yoldan çox kənara çıxdılar. Elə qonşu ölkədə hazırda milliyətçiliyin və radikal islamçılığın baş almasında onların da günahı var.

- Sizcə, hazırda Türkiyədəki islam klerikalistlərinin qarşısına çıxaraq onlara dur deməyi bacaran qüvvə varmı?

- Hesab edirəm ki, Türkiyədə yaxın gələcəkdə böyük dəyişikliklər baş verəcək. Nəticədə dinçilik, radikalizm, milliyətçilik aradan qalxacaq. Din gücü ilə çox uzağa getmək olmaz. Tarixdə də dini əsas dayaq hesab edən imperiyaların, dövlətlərin sonunun necə faciəli olduğunu görmüşük. Birmənalı olaraq klerikal, fideist düşüncəni qəbul etmirəm. Əgər bu düşüncədə olanların sayı artacaqsa, hesab edirəm ki, təxminən 100 il sonra insanlıqdan əsər-əlamət qalmayacaq. İnsanlığın məhv olmasında başlıca faktorlardan biri, hətta birincisi məhz din və onun ardıcıllarıdı.

- Siz bütün dinləri, yoxsa İslamı nəzərdə tutursuz?

- Başda İslam olmaqla bütün dinləri nəzərdə tuturam.

- Demək istəyirsiniz ki, Hyuz qardaşlarının lentə aldığı “Elayın kitabı”dakı acı reallıqların gerçəkləşməsinə az qalıb?

- Həmin filmdəki reallıqlar gerçəkləşməkdədi. Sadəcə bəzi bəzi fərqlər var. Hələlik dövlətlər mövcuddu və insanlıq az da olsa cabalayır. Həmçinin filmdən fərqli olaraq xilas İncildə deyil. Əksinə İncil və digər səmavi kitablardan aqressiya doğur. Necə ki, kinoda Karnegi hökmranlığını daha çox insanlar arasında bərqərar etmək üçün Elayın kitabını əldə etmək üçün ən yaxın adamlarını da qurban verir.

- Dinlərə qarşı bu qədər barışmaz, antoqonist mövqe sərgiləyirsiz. 48 illik ömrünüzdə hər hansı dinə və ya dini cərəyana az da olsa, marağınız olubmu?

- Yuxarıda dediyim kimi dünyavi, respublikaçılığın dominatlıq etməsinin tərəfdarıyam. Amma bir qədər xristianlığın katolik cərəyanına maraq sərgiləmişəm. Bu marağımda inancla bağlı yox, sənətkar biri olmağımla əlaqəlidi. Çünki katolik kilsələrin arxitekturasında və ayinlərin zamanı orqan musiqillərin səsləndirilməsi məni cəlb edir. Zatən Albioni, Bethoven, Moçart və digər musiqi dühaları kilsələrdəki orqan musiqilərindən təsirlənərək bəstəkarlığa qədəm qoyublar. Eləcə də bir çox rəssamlar da məhz katoliklərin ikonalarından heyran olaraq portretlər çəkiblər. Xarici ölkələri səfər edəndə imkan olduqca katolik kilsələri ziyarət edirəm.

- Yaradıcılığınızda vəziyyət necədi?

- Hələki susqunluqdu. Azərbaycan Kino Agentliyi özünü formalaşdırmaqda çətinlik çəkir. Bunun da ən böyük əziyyətini biz yaradıcı insanlar çəkir. Son 2 ildə iki müsabiqədə iştirak etmişəm. Tammetrajlı bədii filmlər ssenarisi üzrə qalib olsam da, Mədəniyyət Nazirliyindən hələki səs-soraq yoxdu. Yaşımın da elə vaxtıdı ki, artıq ümidlərlə yaşamaq istəmirəm.



Yeni sənədli filmlərinizi nə vaxt görəcəyik?

- İki ay əvvəl müsabiqə elan olunmuşdu. Mən də həmin müsabiqəyə 2 sənədli film təqdim etmişəm. Amma hələlik nəticələr açıqlanmayıb.

- Yaxın gələcəkdə sizdən kamalizmlə bağlı sənədli film lentə almağınızı gözləmək olarmı?

- Yox, yox (gülür). O mövzu mənim üçün son dərəcə ciddi, həssas və ritualdı. Ona görə də obyektiv ola bilməyəcəyimdən ehtiyat edirəm.

- Hazırda davam etməkdə olan Həmas-İsrail müharibəsində ikinciləri dəstəklədiyinizi açıq bəyan etmisiz. Buna görə sizi qınayanlar, tənqid edənlər çoxdu...

- Tənqid etmək normal haldı. İstər sosial şəbəkələrdə, istərsə də real həyatda ünvanıma tənqidlər səsləndirənləri hörmətlə qarşılayıram. Təəssüflər olsun ki, təhqirlər edənlər də var. Təbii ki, həddi aşanların cavablarını verirəm. Amma tənqidlərə açığam. Dəstək məsələsinə gəlincə, mənim üçün öndə gələn məsələ Azərbaycanın müstəqilliyi, suverenliyidi və bu yolda kim dünən, bu gün bizim yanımızdadısa, mən də onlara dəstək verirəm.


ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.32329392433167