Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs

09:49 27-11-2023 | icon 681
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala”
deməkdir. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Kəlbəcər qərbdə
Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə
Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
Rayonun ərazisi 3054 kv. km. təşkil edir. İşğaldan əvvəl rayonda 1 şəhər, 1
qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. 1993-cü il 2 aprel
tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər
rayonu işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir
götürülüb və itkin düşüb.
BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər
rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.   
İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman
Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan
azad edildi.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir
güllə atılmadan Azərbaycana təhvil verildi. Bu bəyanata əsasən Kəlbəcər şəhəri
də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib;
Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və
barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan
qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda
qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi
xislətlərini bir daha nümayiş etdirdilər.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə
Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş
əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş
Azərbaycan Respublikası Silahlı       Qüvvələrinin 9455 hərbi qulluqçusu
“Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüsü kimi
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis
edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi
müəyyən olub.
Ölkə rəhbəri bu müddət ərzində Kəlbəcərə beş dəfə səfər etmiş, burada
sürətlə həyata keçirilən şəhərsalma, tikinti və yenidənqurma işləri ilə yaxından
tanış olub.

İradə Ağayeva
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.31679081916809