Səttar Möhbalıyev: “Xankəndidə Qarabağ Universitetinin yaradılması bölgənin inkişafı naminə mütərəqqi addımdır”

20:25 30-11-2023 | icon 589
Səttar Möhbalıyev: “Xankəndidə Qarabağ Universitetinin yaradılması bölgənin inkişafı naminə mütərəqqi addımdır”

“Hazırda ölkəmizdə bütün sahələrdə özünü göstərən yüksək inkişaf göstəriciləri,
sözsüz ki, təhsil sahəsində də müşahidə olunur. Hətta mən deyərdim ki,
dövlətimizin uğurlu təhsil siyasəti başqa sahələrin də dayanıqlı inkişafının
təməlində dayanır. Bu sektorda davamlı olaraq həyata keçirilən mütərəqqi
islahatlar, icra edilən dövlət proqramları, həmçinin Prezident İlham Əliyevin xüsusi
qayğısı, dəyərli tövsiyələri və məqsədyönlü tapşırıqları böyük nəticələrin
qazanılmasına, qarşıya qoyulan hədəflərə nail olunmasına, yüksəkixtisaslı
kadrların hazırlanmasına gətirib çıxarıb. Demək olar ki, bu nailiyyətlər təhsilin
bütün pillələrində və səviyyələrində özünü büruzə verir. Bu gün ölkəmizdə müasir
tələblərə uyğun, keyfiyyətli təhsil verən, dünyanın nüfuzlu universitetləri ilə bir
sırada dayanan ali təhsil ocaqları var”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda
aparılan yenidənqurma və bərpa işlərində müasir təhsil infrastrukturunun
qurulması prioritet təşkil edir: ”Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda ümumi və məktəbəqədər
təhsil müəssisələrinin, peşə və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin
təmin edilməsi, ölkəmizin müvafiq ali təhsil ocaqlarının filiallarının yaradılması,
həmçinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili və
s. tədbirlər nəzərdə tutulub. Təbii ki, bütün bunların reallaşması həmin ərazilərdə,
eləcə də bütün ölkəmizdə təhsilin daha da inkişafına əhəmiyyətli töhfələr verəcək,
gənclərimizin vətənpərvərlik ruhunda təlim-tərbiyəsində, müasir elmi biliklərə
yiyələnməsində, yüksəkixtisaslı kadr kimi yetişmnəsində mühüm rol oynayacaq”.

AHİK sədri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən
Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında sərəncamın
verilməsi son dərəcə əhəmiyyətli və tarixi hadisədir: “Çünki Şərqi Zəngəzurda və
Qarabağda görülən quruculuq işlərinin uğurla yekunlaşması, iqtisadi tərəqqisi,
bütün sahələr üzrə gələcək inkişafı, bu ərazilərdə qabaqcıl standartların, yüksək
texnologiyaların tətbiqi yüksəkixtisaslı kadrların hazırlanması, peşəkar
mütəxəssislərin yetişdiriməsi zərurətini ortaya qoyub. Odur ki, Qarabağ
Universitetinin yaradılması vaxtında atılmış addımdır. Əminik ki, yaxın gələcəkdə
bu ali təhsil ocağının uğurlu fəaliyyəti təmin ediləcək, ölkəmizin kadr potensialını
zənginləşdirəcək. Həm də yerləşdiyi bölgənin təbliğinə, turizmin inkişafına,
məşğulluğun təmin edilməsinə böyük töhfələr verəcək”.


Digər xəbərlər

0.25768995285034