Həştərxanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - Fotolar

11:57 04-12-2023 | icon 956
Həştərxanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - Fotolar

 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Rusiya Federasiyasının Həştərxan vilayətində təntənəli qeyd edilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin tərəfindən imzalanmış Tədbirlər Planına yekun vurulub.

Qeyd edək ki, Tədbirlər Planına uyğun olaraq cari ilin əvvəlindən etibarən Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar Həştərxan vilayətində müxtəlif forumlar, dəyirmi masalar, sərgi və müsabiqələr, ağacəkmə aksiyaları, konsert proqramları, Azərbaycan günləri və Ulu Öndərin siyasi fəaliyyətinə həsr edilmiş bir çox tədbirlər keçirilib.
Bu ilin dekabrın 1-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Həştərxanda səfərdə olub. Nümayəndə heytətinin tərkibində olan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Sabir Hacıyev, Əminə Ağazadə, incəsənət xadimləri, jurnalistlər və digərləri Həştərxanda Ulu Öndərin adını daşıyan xiyabana gələrək onun abidəsini ziyarət edib. Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib. Sonra qonaqlar “Əbədi məşəl” memorialını ziyarət edərək İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsini anıb, memorialın qarşısına gül dəstələri düzüblər.
Daha sonra Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olub. İ.Babuşkin bu il vilayətdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bır sıra təntənəli tədbirlərin keçirildiyini qeyd edib. Xalqlarımızı səmimi dostluq münasibətlərinin birləşdirdiyini vurğulayan qubernator əmin olduğunu bildirib ki, ölkələrimiz möhkəm tərəfdaşlığı davam etdirəcək və gələcəkdə də belə tədbirlər təşkil olunacaq.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Sabir Hacıyev və Əminə Ağazadə öz növbəsində, səmimi qəbula görə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə təşəkkürlərini bildirib. Qeyd edilib ki, Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi Azərbaycanda yüksək qiymətləndirilir və mehriban qonşuluq münasibətlərinin təzahürüdür. Nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini əziz tutduqları üçün həştərxanlılara təşəkkürünü bildirib.
Sonra Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinə səfər çərçivəsində Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib. Nümayəndə heyətinin üzvləri, o cümlədən Milli Məclisin deputatları Sabir Hacıyev və Əminə Ağazadə Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlərin mükafatlandırılması mərasiminə qatılıblar.
Əvvəlcə qonaqlar məktəbin fəaliyyəti barədə məlumatlandırılıb. Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirova bildirib ki, yubiley tədbirləri çərçivəsində məktəbdə şeir, inşa və rəsm müsabiqələri keçirilib. O əlavə edib ki, bu təhsil müəssisəsi iki dövləti möhkəm tellərlə bir-birinə bağlayır.
Öz növbəsində, Həştərxan vilayəti hökumətinin sədr müavini İness Qorina Rusiya və Azərbaycanı bütün sahələrdə möhkəm və çoxillik münasibətlərin bağladığını vurğulayıb. Onun sözlərinə görə, belə tədbirlərin keçirilməsi xalqlarımız arasında mehriban qonşuluq və dostluq münasibətlərinə böyük töhfədir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli Liderin adını daşıyan məktəbin əhəmiyyətini vurğulayaraq, bu təhsil müəssisəsinin Heydər Əliyevə həsr olunmuş tədbirlərdə fəal iştirakını qeyd edib. O bildirib ki, Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması Həştərxan ilə Azərbaycan arasında mehriban qonşuluq əlaqələrinin genişləndirilməsinə öz töhfəsini verir.
Tədbirin yekununda Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edən müəllim və şagirdlərin mükafatlandırılma mərasimi keçirilib.
Azərbaycan nümayəndə heyəti daha sonra Həştərxan Dövlət Birləşmiş Tarix-Memarlıq Muzey-Qoruğuna səfər təşkil edilib. O cümlədən, general-admiral F.M.Apraksin adına Volqa Dövlət Su Nəqliyyatı Universitetinin filialı olan Dəniz və Çay Nəqliyyatı İnstitutunda görüş keçirilib.
Daha sonra Həştərxanda yerləşən Azərbaycan İş Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar il boyu keçirilən tədbirlərdə fəali iştirak edən təşkilatlara Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi tərəfindən Fəxri Fərmanlar təqdim edilib. O cümlədən Həştərxan Xarici Əlaqələr Nazirliyi tərəfindən Azərbaycan İş Mərkəzinin nümayəndəsi Nəsimi Məmmədova fəxri fərman təqdim edilib.
Günün sonunda Həştərxan Dövlət Opera və Balet Teatrında rusiyalı və Azərbaycandan səfər etmiş incəsənət xadimlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib. Tədbirin sonunda il boyu fəallığı ilə seçilən incəsənət nümayəndələri mükafatlandırılıb. 

 







Digər xəbərlər

0.25729203224182