Səttar Möhbalıyev: “Fransa hökuməti Yeni Kaledoniya xalqının haqq səsinin dünyaya çatmasından narahatdır”

18:36 06-12-2023 | icon 719
Səttar Möhbalıyev: “Fransa hökuməti Yeni Kaledoniya xalqının haqq səsinin dünyaya çatmasından narahatdır”

“Fransa prezidenti Emmanuel Makron administrasiyasının uğursuz fəaliyyəti və
yarıtmaz siyasəti, demək olar ki, bu ölkəni beynəlxalq ictimaiyyətin gözündən
salmaqdadır. Onun hakimiyyətə gəldiyi ilk gündən ölkəsində polis zorakılığı ilə
müşayiət olunan narazılıqlar baş qaldırdı, etirazlar yüksəldi, sosial vəziyyət isə
ağırlaşdı. Sakinlərlə görüşlərində onu ya fitə basdılar, ya başına qapaz, ya da
yumurta vurdular. Bu hadisələrdən utanmaq, öz daxili işləri ilə məşğul olub
xalqının qeydinə qalmaq əvəzinə, özünü böyük siyasətçi kimi göstərərək hətta
digər dövlətlərin işinə qarışmaqla məşğuldur. Ermənistanın işğal siyasətinə son
qoyulmasına ən çox narahat olan da rəsmi Parisdir. Azərbaycanın haqq işinə kölgə
salmaqla məşğuldur, bilavasitə beynəlxalq hüququn bütün prinsiplərini
ayaqlayaraq orta əsrlərin feodal düşüncəsi ilə açıqcasına işğala və separatizmə
dəstək nümayiş etdirir. Azərbaycan əleyhinə səsləndirdikləri fikirlər, qəbul
etdikləri qətnamələr, qərarlar bir işə yaramasa da, sadəcə könül bulandırır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, müasir dövrlə ayaqlaşmayan, XXI əsrin çağırışlarına cavab
verməyən Fransa müstəmləkəçi iddialarından hələ də əl çəkə bilmir: “Ondan artıq
ölkəni müstəmləkə əsarətində saxlayır, orada insan hüquqlarını kobud şəkildə
pozur, keçmiş müstəmləkələrində dövlətlərin daxili işlərinə yersiz müdaxilələr edir.
Fransa müstəmləkəsi Yeni Kaledoniyada yerli polis tərəfindən AZƏRTAC-ın
əməkdaşı Aygün Həsənovaya qarşı nümayiş etdirilən qəddar, qanunsuz münasibət,
onun qanuni fəaliyyətinin qarşısının alınması, hətta ölkədən çıxarılması Fransa
dövlətinin əsl simasını ortaya qoyur. Bəs demokratiyadan, söz və ifadə
azadlığından danışırdınız? Hətta buna görə bəzi dövlətləri ittiham edirdiniz. İndi nə baş verdi, nədən qorxursunuz? Təbii ki, Yeni Kaledoniya xalqının azadlıq mübarizəsinin, haqq səsinin dünyaya çatmasından əndişə keçirirsiniz. Jurnalistin
sərbəst fəaliyyətinin qarşısının qeyri-qanuni yolla alınması, informasiya
blokadasanın tətbiqi bu və digər müstəmləkə ölkələrində vəziyyətin gərginliyindən
xəbər verir”.
AHİK sədri qeyd edib ki, AZƏRTAC-ın əməkdaşına qarşı bu xoşagəlməz davranış
və onun peşə fəaliyyətinin qeyri-insani rəftarla məhdudlaşdırılması dünya
ictimaiyyəti tərəfindən qınanılmalı və beynəlxalq media qurumları tərəfindən
pislənilməlidir.


Digər xəbərlər

0.29411911964417