4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video

18:57 06-12-2023 | icon 716
4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin son 45 gündə ölkədə keçirdiyi əməliyyatlarla narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 3 mütəşəkkil dəstə, o cümlədən satışla məşğul olan 49 nəfər saxlanılıb.

Əməliyyatlar zamanı qanunsuz dövriyyədən “qara” bazarda dəyəri 4 milyon manat olan maddələr çıxarılıb. Ümumilikdə 132 kq, o cümlədən 42 kq heroin, 68 kq tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 22 kq metamfetamin, tiryək, 700 ədəd psixotrop tərkibli metadon, tramadol həbi, 1 ədəd odlu silah, elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları götürülüb.

İdarənin həyata keçirdiyi sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri  - Elmir Alılı, Fərman Sultanlı və Xalid Bağırov saxlanılıblar. Onlardan 48 kq tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.

Qeyd edilən dövrdə Baş İdarənin əməkdaşları paytaxt, eləcə də cənub və qərb bölgələrində də əlavə əməliyyatlar keçirib. Masallı rayonunda baş tutan tədbirlərdən biri zamanı narkotik maddələrin ölkəyə gətirilməsini təşkil edən əsas şəxslərdən biri, Cəlilabad rayon sakini Sudef Xəlilov saxlanılıb. Onun üzərindən, avtomobilindən və yaşadığı ünvandan 36 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

Digər xəbərlər

0.25808000564575