Suverenliyimizin və bütövlüyümüzün təsbiti

23:36 09-12-2023 | icon 1001
Suverenliyimizin və bütövlüyümüzün təsbiti

       Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il fevral ayının 7-də Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi zamanında atılmış addımdır. İndiyə qədər Azərbaycanda keçirilən seçkilər tam ədalətli olub. Bu gün də belədir, seçki mühiti də, ictimai-siyasi sabitlik də bu tədbirin bütün standartlara uyğun keçirilməsinə şərait yaradır. Hər kəs inanır ki, ölkəmizdə ədalətli və demokratik seçki keçiriləcək. Hər kəs azad şəkildə uyğun bildiyi namizədin təbliğatını apara və ona səs verə biləcək. Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası regionda yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu da o deməkdir ki, növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

       7 fevral 2024-cü ildə prezident seçkilərinin keçirilməsi barədə qərar radikal müxalifətin xoşuna gəlmədi. Çünki özlərini xarici qüvvələrə ölkənin ana müxalifəti, ən geniş sosial bazası olan siyasi partiya kimi təqdim edənlər çıxılmaz vəziyyətdə qalıblar. Siyasi Partiyalar Haqqında qanuna əsasən siyasi partiyalar seçki prosesində iştirak etməlidirlər. 5 min üzvlük siyahını hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməyi bacarmayan siyasi partiyalar, əsasən də, AXCP 7 fevral 2024-cü ildə keçiriləcək seçkilərə qatılmamaq üçün bəhanələr axtarışındadırlar. Hesab edirik ki, Prezident seçkilərilə bağlı verilən qərar bütün siyasi partiyaların təmsilçilərinin ürəyincə olmalı və seçkiyə hazırlaşmalıdırlar.

       Seçici hüququ olan hər bir vətəndaş bilməlidir ki, növbədənkənar seçkilərin keçirilməsi bütün sivil dünyada qəbul olunmuş siyasi təcrübədir. Seçkilərin növbədənkənar keçirilməsi ölkə vətəndaşlarının öz siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəkləri anlamına gəlir. Digər tərəfdən isə, bu seçkilər Prezident İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi kimi dəyərləndirilməlidir.

       Bu gün işğaldan azad olunmuş ərazilərdə möhtəşəm işlər görülür. Artıq Füzulinin, Laçının, Cəbrayılın sakinləri öz doğma yurd-yuvalarına qayıdırlar və həmin ərazilərdə yenidənqurma işlərinin görülməsi üçün əlavə 4 milyard vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da işlərin gələcəkdə daha da sürətlənməsindən xəbər verir. Ən başlıcası isə, dövlətimiz bu gün beynəlxalq aləmdə öz nüfuzunu son dərəcə yüksəldib.

        Heç bir şübhə yoxdur ki, bu seçkilərdə də Azərbaycan xalqı uzun illərdən bəri həyata keçirdiyi çoxşaxəli fəaliyyəti, gərgin səyləri nəticəsində “Qarabağ Azərbaycandır!” şüarını yaradan və həyata keçirən ölkə rəhbərinin yanında olacaq, öz Prezidentinin xarici və daxili siyasətini dəstəkləyəcək.

 

Anar Sadatov,

Cəlilabad RİH-nin şöbə müdiri


Digər xəbərlər

0.23504710197449