Moskvada ÜHİK-nın Qurultayı keçirilib

15:26 12-12-2023 | icon 330
Moskvada ÜHİK-nın Qurultayı keçirilib

Dekabrın 12-də Rusiyanın paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları
Konfederasiyasının (ÜHİK) X Qurultayı keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının və
ÜHİK-nın vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik
etdiyi Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyəti tədbirdə iştirak edib.
Qurultayda çıxış edən Səttar Möhbalıyev ÜHİK-nın işçilərin sosial-iqtisadi və
əmək hüquqlarının müdafiəsi, müxtəlif mövzularda seminar və iclasların təşkili,
sosial-iqtisadi vəziyyətin təhlili istiqamətində gördüyü işləri, qəbul etdiyi qərarları
və həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.
Bildirib ki, qurum əmək və sosial qanunvericiliyin təkmilləşdirilməsi sahəsində
mütəmadi olaraq mühüm təşkilati işlər aparır, üzv təşkilatlara daim metodiki
köməklik göstərir.
AHİK-in fəaliyyətinə toxunan Səttar Möhbalıyev vurğulayıb ki, Konfederasiya
işçilərin sosial, iqtisadi və əmək hüquqlarının müdafiəsi, layiqli əməyin təmin
edilməsi, sosial bərabərlik, yaşıl iş yerlərinin yaradılması, ayrı-seçkiliyin qarşısının
alınması istiqamətində səylə çalışır.
“Bir müddət öncə biz ÜHİK-nın Nizamnaməsinə əlavə və dəyişikliklər barədə
təkliflərimizi səsləndirdik. Bu təkliflər idarəetmənin daha da demokratikləşməsi,
üzv təşkilatların rolunun və məsuliyyətinin artırılması, qərarların yalnız seçkili
orqanlarda qəbul olunması, idarəetmə orqanlarının formalaşması zamanı
namizədlərin potensial və təcrübəsinin nəzərə alınması və digər zəruri məsələləri
nəzərdə tutur. Ümidvaram ki, gələcəkdə ÜHİK-nın müvafiq orqanlarının növbəti
iclaslarında qəbul ediləcək yeni əlavələr sıralarımızın genişlənməsinə,
həmrəyliyimizin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Hazırda dünyada
hökm sürən gərgin hadisələrə - pandemiya, müharibələrə baxmayaraq, həmkarlar ittifaqları öz əsas vəzifələrini layiqincə yerinə yetirir. Bu hadisələr həmkarlar ittifaqlarından öz fəaliyyətlərinin forma və üsullarını ciddi şəkildə
qiymətləndirməyi tələb edir. Bu cür şəraitdə yeni qlobal çağırışlara adekvat cavab
tapmaq üçün öz imkanlarımızı səfərbər etməliyik”, - AHİK sədri deyib.
Çıxışların və aparılan müzakirələrin ardından gündəlikdəki məsələlərlə bağlı
müvafiq qərarlar qəbul olunub. Həmçinin Qurultayda ÜHİK-nın yeni rəhbərliyi və
tərkibi formalaşıb. Viktor Pinskiy ÜHİK-nın Baş katibi seçilib. AHİK sədri Səttar
Möhbalıyev növbəti dəfə qurumun vitse-prezidenti olub. Eləcə də AHİK sədrinin
müavini Aqil Dadaşov və AHİK-in katibi - Aparat rəhbəri Həsən Cəfərov Şura
üzvü seçiliblər.
Yenidən vitse-prezident seçilməsi ilə əlaqədar ona etimad göstərənlərə
minnətdarlığını çatdıran Səttar Möhbalıyev həmçinin yeni rəhbərliyi təbrik edib,
qurumun fəaliyyətinə uğurlar arzulayıb.
Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23
beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü ildən
bu təşkilatın üzvüdür.


Digər xəbərlər

0.20749807357788