Qabaqcadan planlaşdırılmış addım

18:13 25-01-2024 | icon 575
Qabaqcadan planlaşdırılmış addım

Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onun səsvermə hüququ məhdudlaşdırılıb. Əsas səbəb kimi göstərilir ki, 2023-cü ildə Azərbaycan tərəfi Laçın dəhlizinə getməyə və Qarabağdakı vəziyyəti izləməyə, eləcə də azərbaycanlı “siyasi məhbuslarla” görüşə icazə verməyib. Xatırladaq ki, almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi ilə bağlı qərəzli təklifi dəstəklənib.

Biz çoxillik təcrübədən bilirik ki, AŞPA heç zaman Azərbaycana qarşı dürüst davranmayıb. Hələ ötən il oktyabrın 12-də bu qurum Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul etmişdi. Rəsmi Bakı o zaman həmin sənədi Avropa Şurasının Azərbaycana göstərdiyi ədalətsiz yanaşmanın növbəti təzahürü kimi qiymətləndirmişdi.

Reallıqda isə odur ki, qurumda fəaliyyət göstərən bəzi avropalı nümayəndələr vətəndaşları olduğu ölkələrin destruktiv siyasətlərini AŞPA platformasında da yürütməyə çalışırlar. Buna görə də Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması Qərbin siyasi riyakarlığı və sifariş kimi qiymətləndirilməlidir.

          AŞPA nümayəndə heyətimizin səsvermə hüququnu məhdudlaşdırmaqla Azərbaycana təzyiq, Ermənistana isə dəstək göstərməyə çalışır. Ancaq bu səmərəsiz beynəlxalq təşkilatdakılar unutmamalıdırlar ki, Azərbaycana qarşı nümayiş etdirilən bütün bu ikili standart siyasət faydasızdır və Bakı milli maraqlarına, nüfuzuna kölgə sala biləcək istənilən addıma imkan verməyəcək.

Ölkəmizə qarşı təhdid, qarayaxama kampaniyası qəbulolunmazdır. AŞPA-nın fəaliyyətində irqçilik, İslamofobiya mühitinin varlığı göz önündədir. Bu qurum heç vaxt Azərbaycana səmimi münasibət göstərməyib və tribunalarında zaman-zaman ölkəmizə qarşı səsləndirilən iftiraların şahidi olmuşuq. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı alqışa layiq haldır. Ölkəmizin imicinə təsir etməyib, bundan sonra edə bilməz.     

Azərbaycan özünə hörmət edən, öz milli maraqlarını qoruyan və digər ölkələrdən də bunu gözləyən dövlətdir. Bakı Avropa təşkilatları ilə də sağlam əməkdaşlıq etmək istəyir və bu istiqamətdə zəruri addımlar atır. Ancaq AŞPA-nın belə destruktiv siyasəti onu gözdən salır və ona inamı sıfra endirir. Azərbaycan ədalətin tərəfindədir. Rəsmi Bakının fəaliyyətində, davranışlarında bu, aydın şəkildə görünür.   

Qeyd edilənlərlə əlaqədar Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı təqdirəlayiq haldır.    

 

İlkin Zeynalov,

Lənkəran-Astara Regional Təhsil İdarəsinin

Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi


Digər xəbərlər

0.26569890975952