Vətənin igid müdafiəçiləri başımızın tacıdır!

15:20 01-02-2024 | icon 246
Vətənin igid müdafiəçiləri başımızın tacıdır!

Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”

        Hər bir azərbaycanlının milli borcu, vəzifəsi respublikamızın dövlət müstəqilliyini qoruyub saxlamaqdır. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.  Azərbaycan dövləti ölkə gənclərinin bütün problemlərini həll edib, onlara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərin də dövlətin etimadını hər addımda doğruldur, bütün sahələrdə xalqımıza üz ağlığı gətirirlər.

      Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi.  

     Ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında həlledici rol oynadı. Bu gün biz şəhid və qazilərimizin sırasına, azad olunan ərazilərimizlə bağlı medallarla təltif edilənlərin siyahısına baxan da görürük ki, onların əksəriyyəti Azərbaycan gəncliyidir. Hesab edirəm ki, bu da Azərbaycan gəncliyinin ən yaxşı nümunələrindən biridir. Biz bu gün haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.

        Ordu quruculuğu Azərbaycanda dövlət üçün həmişə prioritet olub. Ali Baş Komandanın Vətən müharibəsinə qədər ön xətdə, səngərlərdə hərbi qulluqçulara tövsiyələri, xidmətdə fərqlənənləri mükafatlandırması şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltmişdi. Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındaydı. Vətən müharibəsində qazandığı qələbə onun qüdrətini daha da artırdı. Bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı.

        Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın bəşəri qələbəsi oldu. Bu qələbə həm də Azərbaycan gəncliyinin qüdrəti kimi tarixləşdi. Müharibədə döyüşlər həm ordunun qüdrətinin, həm də döyüşçülərin döyüş əzminin, qələbə ruhunun göstəricisi olur. Əsgər qətiyyətlidirsə, ordu qətiyyətlidir, əsgər güclüdürsə, ordu güclüdür, əsgərin döyüş hazırlığı yüksəkdirsə, ordunun döyüş hazırlığı yüksəkdir. Vətən müharibəsinin gənc iştirakçılarının igidliyi heç vaxt yaddan çıxmayacaq.

Orxan Mirzəyev,

Cəlilabad rayon Suvarma Sistemləri İdarəsində müfəttiş


Digər xəbərlər

0.23462200164795